Şimali Kipr üçün yeni imkan: Azərbaycan prosesi başladıb

Şimali Kipr üçün yeni imkan: Azərbaycan prosesi başladıb

“Azərbaycanın Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyi hamıya aydındır”.

Bu sözləri Azad Vətən Partiyasının sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.

O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Şimali Kiprə dəstəyini bir daha göstərdi:

“Nəzərə almaq lazımdır ki, bir müddət əvvəl Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinə qarşı 541 və 550 saylı qətnamələri qəbul edən dövlətlər arasında Özbəkistan və Qırğızıstan da vardı. Lakin İlham Əliyevin unikal siyasəti Özbəkistan, Qırğızıstan və Şimali Kipr liderlərini bir araya gətirdi. 

Bir neçə ay əvvəl Şimali Kiprin müstəqilliyinə qarşı çıxan ölkələrin rəhbərlərinin onun Prezidenti ilə Ağdamda yan-yana yeriməsi və birlikdə tədbirə qatılmaları çox böyük əhəmiyyət kəsb edir.

Bu, Qarabağdan dünyaya verilən birlik və bərabərlik mesajıdır. Cənab Prezident İlham Əliyev bununla bir daha ölkəmizin Şimali Kipr Türk Cümhuriyyətinə dəstəyini göstərdi. Üstəlik, bunu həm də Azərbaycanın Türk Dövlətləri Təşkilatındakı mövqeyinin necə güclü olduğunu təzahürü kimi qiymətləndirə bilərik”.

Partiya sədri qeyd edib ki, yaxın perspektivdə Şimali Kiprin müstəqilliyi tanına bilər:

“Hesab edirəm ki, türk dövlətlərinin hamısı Şimali Kiprin müstəqilliyinin tanıması və onunla münasibətlər qurması ilə bağlı istiqamət götürüb. 
Uzun müddətdir ki, Şimali Kiprin Türk Dövlətləri Təşkilatına daxil olacağına dair iddialar yayılır. Yəqin ki, bir müddətdən sonra bunun reallaşmasına şahidlik edəcəyik”.

Akif Nağı vurğulayıb ki, Azərbaycan Şimali Kipr Prezidenti ilə digər türkdilli ölkələrin prezidentləri arasında heç bir fərq qoymur:

“Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Ersin Tatarın xüsusi təmtəraqla qarşılanması da bunun təzahürüdür. Çox nadir hallarda hansısa universitet xaricdən gələn qonaqlara fəxri doktor adını verir. Azərbaycan Texniki Universitetinin Ersin Tatara “Fəxri doktor” adını verməsi də mühüm jest idi. 

Düşünürəm ki, türk dünyasında Şimali Kiprlə bağlı başqa müsbət addımların da atılmasını müşahidə edəcəyik. Artıq Şimali Kiprin qarşısında yeni bir perspektiv açılır. Bu dövlətin bütün dünyaya inteqrasiyası məhz Azərbaycan və Türkiyə başda olmaq türk dövlətlərinin vasitəçiliyi ilə həyata keçiriləcək”.

Elmir Mustafa
“Cebheinfo.az”