Növbəti rus vəhşiliyi: “Hüquqi qiymət verilməlidir”

“Yekaterinburq şəhərinin hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi əməliyyat bir sıra cəhətlərinə görə insan hüquqlarına zidd şəkildə həyata keçirilib. Bunun nəticəsində soydaşlarımız qətlə yetirilib”.
Milli Məclisin deputatı Azər Allahverənov “Cebheinfo.az”-a açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində Xüsusi Təyinatlı Milis Dəstəsinin (OMON) keçirdiyi əməliyyat tədbirləri nəticəsində ən azı üç nəfər azərbaycanlının işgəncələr nəticəsində öldürülməsi ilə bağlı belə deyib.
O bildirib ki, sözügedən hadisə zamanı azərbaycanlılara qarşı zorakılğa yol verilib və təqsirsizlik prezumpsiyası (cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxsin, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılmasını nəzərdə tutan hüquqi prinsipdir) pozulub:
“Ona görə də qətli törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb olunmalıdır. Təəssüf ki, bu hadisənin təfərrüatları barədə məlumatı biz daha çox sosial şəbəklər vasitəsilə əldə edirik.
Rəsmi qurumların yaydığı məlumatlara çıxış imkanlarımız məhduddur və əsasən öldürülən şəxslərin yaxın qohumları tərəfindən verilən xəbərlərə istinad edirik. Rusiya rəsmi orqanları iki nəfərin öldüyünü bildirsə də, sosial şəbəkələrdə beş nəfərin adı çəkilir. Bu da kəskin etirazımıza və narahatlığımıza səbəb olub.
Sosial şəbəkələr vasitəsilə yayılan məlumatdan aydın olur ki, öldürülən soydaşlarımıza qarşı amansızcasına davranış nümayiş etdirilib və onlar işgəncələrə məruz qalıblar.
Hüquq-mühafiəz orqanlarının zorakılıq tətbiq etməklə keçirdiyi əməliyyat onların çox ciddi xəsarətlər aldığını göstərir. Xəsrtəxanaya yerləşdirilən şəxslər barədə məlumatlar bunu bir daha təsdiq edir.
Digər tərəfdən, öldürülən şəxslərlə bağlı yəqin ki, məhkəmə-tibbi ekspertiza tədbirləri həyata keçiriləcək. Bundan sonra nə baş verdiyini dəqiq söyləmək mümkün olacaq. Rusiyanın bəzi informasiya agentlikləri iddia edir ki, ölən iki nəfərdən biri qəfil ürək tutmasından dünyasını dəyişib.
İstənilən halda Rusiyanın hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı çox sərt şəkildə davrandığını görmək olar. Onların bəziləri Rusiya Federasiyasının, bəziləri isə Azərbaycan Respublikasının vətəndaşlarıdır. Yəni bütün məsələlər xüsusi nəzarət altında saxlanılmalı və tam təfərrüatlı məlumatlar əsasında bu hadisəyə hüquqi qiymət verilməlidir.
Soydaşlarımızın işgəncələr nəticəsində həyataını itirdiyi təsdiq olunarsa, Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında da qeyd edildiyi kimi, bu qanunsuz əmələ yol verənlər məsuliyyətə cəlb olunmalı və cəzasını almalıdır.
Ümumiyyətlə, əməliyyatın bu şəkildə həyata keçirilməsinə, belə sərt formada icrasına qərar verən vəzifəli şəxslər də müəyyən edilməli, müvafiq qaydada məsuliyyətə cəlb edilməlidir.
Rusiyanın hüquq-mühafizə orqanları vaxtaşırı miqrantların yerləşdiyi ərazilərdə əməliyyatlar keçirən zaman komandirlərdən əmr alırlar. Yəni komandir əməliyyat qrupuna və ya OMON-a sərt hərəkət etməyin vacibliyi barədə tapşırıq verir.
Bu isə o deməkdir ki, fiziki zor tətbiq etmək, müqavimət varsa, silahdan istifadə etməklə zərərsizləşdirmə hallarından istifadə olunur. Əgər əməliyyat qrupuna “yumşaq” davranmaq əmri verilirsə, belə zorakılıq olmur, saxlanılma və yoxlanış tədbirləri həyata keçirlir.
Hesab edirəm ki, bu məsələlər çox sərt şəkildə qınanmalıdır, baş vermiş hadisə barədə obyektiv məlumatıar toplanılmalıdır. Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi həmin şəxslərin nə üçün öldürülməsi ilə bağlı izahat verməlidir.
Burada qanunun aliliyi və təqsirsizlik prezumpsiyası ilə bağlı təhqiqat işləri aparılmalıdır. Hüquq-mühafizə orqanlarının cinayət əməlinə yol vermiş əməkdaşları məsliyyətə cəlb olunmalı və cəzasını almalıdır.
Bu hadisələrin təfərrüatı barədə dəqiq məlumatlar əldə etdikdən sonra ümumi mənzərə yarana bilər və hadisələrin gedişini proqnozlaşdırmaq olar. Bu gün isə biz soydaşlarımıza qarşı sərt davranışa yol verildiyinin şahidi oluruq.
Gücdən həddən artıq istifadə nəticəsində cinayət prosessual qaydaların pozulduğunu deyə bilərik. Rusiyanın müxtəlif orqanları, xüsusilə də miqrasiya siyasəti ilə məşğul olan qurumlar daha sərt siyasətin yürüdülməsinə üstünlük verirlər.
Bu münasibətin hazırda azərbaycanlılara qarşı sərgiləndiyini görürük. Bir müddət əvvəl oxşar davranış digər millətlərə qarşı törədilmişdi. Bütün bunlar Rusiyada miqrantfobiya əhval-ruhiyyəsinin artdığını görürük. Hesab edirəm ki, məsələyə hüquqi qiymət verilməli, atacağımız addımlar da bu zəmində olmalıdır”.
Müşfiq Abdulla
“Cebheinfo.az”