Ukrayna təbii ehtiyatlar haqqında məlumatların məxfiliyini ləğv edir

Ukrayna sovet dövründən qalan kritik minerallar da daxil olmaqla müəyyən faydalı qazıntıların siyahısı ilə bağlı məxfiliyi ləğv edir.
“Report” xəbər verir ki, bu barədə Ukraynanın ətraf mühitin mühafizəsi və təbii sərvətlər naziri Svetlana Qrinçuk "Hökumət və Biznes Forumu: Dialoqdan Tərəfdaşlığa" konfransında bildirib.
"Qrif ləğv olundu. Biz indi bütün bürokratik prosedurları tamamlayırıq ki, investorlarla və bizneslərlə maneə olmadan tam işləməyə davam edə bilək", - o söyləyib.
Qrinçuk qeyd edib ki, Avropa Yenidənqurma və İnkişaf Bankının köməyi ilə geoloji məlumatların rəqəmsallaşdırılması istiqamətində də fəal iş aparılır, çünki onun böyük bir hissəsi kağız formasındadır: "Hazırda biz bu layihəni genişləndirmək üçün DFC ilə əlavə danışıqlar aparırıq. Altı min geoloji hesabatı rəqəmsallaşdırmışıq. Bir həftə əvvəl ikinci mərhələ üzrə saziş imzalanıb və yaxın gələcəkdə geoloji məlumatı əks etdirən növbəti 60 min kitab rəqəmsallaşdırılacaq".
O, həmçinin xatırladıb ki, İqtisadiyyat Nazirliyi ilə birlikdə bu cür mineral ehtiyatların milli siyahıları Əhəmiyyətli Xammallar haqqında Avropa Aktı, ABŞ Müdafiə İstehsalı Aktı və Prezident Trampın Sərəncamında müəyyən edilmiş strateji və kritik xammal siyahıları əsasında formalaşdırılıb: "Biz həmçinin faydalı qazıntıların siyahılarını hazırlamışıq, onlar üzrə əməliyyatlar hərraclar və ya hasilatın pay bölgüsü sazişləri vasitəsilə həyata keçiriləcək. Mən, həqiqətən, ümid edirəm ki, yaxın iki həftə ərzində hökumətdən bu çox vacib sənədlərlə bağlı qərar alacağıq".
"Cebheinfo.az"