Bakıda velosiped stansiyalarının sayı artır: Qiymətlər açıqlandı

Bakıda velosiped stansiyalarının sayı artır: Qiymətlər açıqlandı

Bakıda velosiped istifadəsi günü-gündən genişlənir. Şəhər daxilində velosiped sürmək istəyən sakinlər üçün yaradılan stansiyaların sayı artırılıb.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində artıq 50-dən çox velosiped dayanacağı fəaliyyət göstərir. Stansiyalar əsasən metro çıxışlarında, ticarət mərkəzləri və təhsil müəssisələrinin yaxınlığında yerləşdirilib.

Qurumdan bildirilib ki, velosiped yollarının uzunluğu 35 kilometrə çatıb və yaxın illərdə bu rəqəmin 100 kilometrə qədər artırılması nəzərdə tutulur. Hazırda şəhərin mərkəzi küçələrində — xüsusilə Bulvar ərazisində, Böyük Dairə və digər əsas magistrallarda yeni velosiped yolları istifadəyə verilib.

Qeyd olunur ki, stansiyalarda istifadəyə verilən velosipedlərin icarəsi üçün mobil tətbiq vasitəsilə aktivasiya imkanı yaradılıb. Velosiped sürmək istəyənlər üçün saatlıq, aylıq və illik abunə paketləri mövcuddur. Hazırda bir saatlıq istifadə qiyməti 1.20 manat, aylıq abunə 12 manat, illik isə 108 manat təşkil edir.

Mütəxəssislər bildirirlər ki, bu təşəbbüs həm şəhərdaxili nəqliyyat sıxlığının azalmasına, həm də ekologiyanın yaxşılaşmasına səbəb olacaq. Nəqliyyat eksperti Rauf Ağamirzəyev bildirib ki, yaxın illərdə Bakı sakinləri 1-3 km məsafələri avtomobil yox, velosipedlə qət etməyə üstünlük verəcək.

Qeyd edək ki, velosiped yollarında xüsusi işıqforlar və təhlükəsizlik lövhələri də quraşdırılıb. Şəhər sakinləri isə bu təşəbbüsü müsbət qarşılayır və daha çox stansiya sayının artırılmasını istəyirlər.

"Cebheinfo.az"