Azərbaycan Diasporuna Dəstək Fondu maliyyə vəziyyətini açıqlayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondu 2024-cü ili 2 min manat zərərlə başa vurub. Halbuki, Fond 2023-cü ildən 325 min manat mənfəətlə çıxmışdı.
"Cebheinfo.az" “Report”-a istinadən xəbər verir ki, ötən il qurumun gəlirləri 1,199 milyon manat (əvvəlki ilə nisbətən 49,9 % az), xərcləri isə 1,201 milyon manat (41,9 % az) təşkil edib.
Bu il yanvarın 1-nə Azərbaycan Diasporuna Dəstək Fondunun aktivləri 3,895 milyon manat olub ki, bu da illik müqayisədə 0,1 % azdır. Hesabat dövründə Fondun öhdəlikləri 100 % azalıb, balans kapitalı isə 0,1 % azalaraq 3,895 milyon manata düşüb.
Azərbaycan Diasporuna Dəstək Fondu Prezident İlham Əliyevin 6 iyul 2018-ci il tarixli fərmanına əsasən yaradılıb. Onun nizamnamə kapitalı 500 min manatdır. Fond ölkədə həyata keçirilən islahatların, əldə olunmuş nailiyyətlərin dünyaya bəyan edilməsinə, ölkənin mənafeyinin müdafiəsinə, dünya azərbaycanlılarının milli-mənəvi dəyərləri qorumasına, daha da inkişaf etdirməsinə və tanıtmasına, xaricdə yaşayan azərbaycanlıların milli və vətəndaş hüquqlarının müdafiəsinə yönəlmiş tədbirlərin həyata keçirilməsinə, lobbiçilik fəaliyyətinin güclənməsinə, soydaşlarımızın sosial-iqtisadi, ictimai-siyasi, mədəni-mənəvi problemlərinin həllinə, bu sahədə sosial layihələrin reallaşdırılmasına, habelə Azərbaycan diaspor təşkilatlarının fəaliyyətinə və mütəşəkkilliyinin möhkəmlənməsinə dövlət dəstəyini təmin edən publik hüquqi şəxsdir.
"Cebheinfo.az"