Rusiyada döyülən və saxlanılan azərbaycanlıların ADLARI

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanlarının azərbaycanlı Səfərovlar ailəsinə qarşı keçirilən əməliyyatın bəzi detalları məlum olub.
"Cebheinfo.az" Lent.az-a istinadən xəbər verir ki, 2001-ci ildə şəhərin kafelərinin birində əslən Ağdam rayonundan olan Yunis adlı bir nəfərin qətlə yetirilməsi cinayəti ilə bağlı Federal Təhlükəsizlik Xidməti Rusiya İstintaq Komitəsinin əməkdaşları ilə birgə iyunun 27-də səhər saat 5 radələrində Səfərovlar ailəsinin üzvlərinin yaşadıqları 10 mənzilə basqın ediblər. Mənzillərdə olan kişilərin hamısını döyüb maşınlara mindirib polis idarəsinə aparıblar.
Polis idarəsinə aparılan zaman baş vermiş işgəncə nəticəsində iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar həyatlarını itirib.
Qohumlarının dediklərinə görə, idarədə onlardan 24 il bundan qabaq baş vermiş cinayəti törətdiklərini etiraf etmək tələb olunub.
Saxlanılanlardan üç nəfər - Ayaz Səfərov, Əziz Abbasov və Əhliman Gənciyev ağır vəziyyətdə 36 saylı xəstəxanaya yerləşdirilib.
Saxlanılanların Bakir Mehdi oğlu Səfərov (Azərbaycan vətəndaşı), Asif Möhbalı oğlu Səfərov, Ayaz Möhbalı oğlu Səfərov, Məzahir Möhbalı oğlu Səfərov, Kamal Qədimalı oğlu Səfərov, Məhəmməd Məzahir oğlu Səfərov və Vüqar Məzahir oğlu Səfərov olduğu bildirilib.
"Cebheinfo.az"