XİN: Rusiyada öldürülən azərbaycanlıların nəşləri vətənə gətiriləcək

"Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətirilməsi məsələsi ilə Azərbaycanın bu ölkədəki səfirliyi və Yekaterinburqdakı Baş konsulluğu məşğuldur".
Bununla bağlı Oxu.Az-a Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ayxan Hacızadə açıqlama verib.
"Əlavə məlumat olduqda ictimaiyyətə təqdim ediləcək", - deyə XİN rəsmisi qeyd edib.
Qeyd edək ki, ötən gün Rusiyanın Yekaterinburq şəhərində onlarla azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində Ziyəddin və Hüseyn Səfərov qardaşları öldürülüblər. Bundan başqa qardaşların əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov da qətlə yetirilib.
Azərbaycan Xarici İşlər Nazirliyi baş vermiş hadisə ilə bağlı bəyanat yayıb.
"Cebheinfo.az"