Qaydalar sərtləşdirilməlidir: "Psixologiya elmi şou deyil"

Son illər ölkədə psixologiya elminə maraqla yanaşı psixoloq peşəsinə yiyələnlərin sayı da artıb.
Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsini bitirən məzunların bir qismi orta məktəblərdə psixoloq kimi fəaliyyət göstərir.
Eyni zamanda bir çox psixoloqlar var ki, bir neçə ay ərzində "psixologiya kursları"na getməklə bu peşəyə yiyələnirlər. Bu gün həqiqətən də bu peşəni dərindən bilən psixoloqlarla yanaşı ona sadəcə "biznes" növü kimi baxanlar da var.
Hazırda paytaxtda bir çox psixoloya mərkəzləri də fəaliyyət göstərir ki, buraya müraciət edənlər üçün qiymətlər də kifayət qədər yüksəkdir.
Beləliklə, bu gün ölkədə psixoloqların sayı gündən-günə artır. Qeyd edək ki, bu gün məktəblərin heç də hamısında psixoloq yoxdur.
Doğurdanmı bütün psixoloqlar bu sahədə biliklərə tam olaraq yiyələnib və bir peşəkar olaraq fəaliyyət göstərirlər? Eyni zamanda həmin psixoloqların bilik səviyyəsini yoxlamaq üçün sertifikasiya imtahanına ehtiyac varmı?
Məsələ ilə bağlı klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov "Cebheinfo.az"-a bildirib ki, psixologiya elmi davamlı inkişafda olan sahədir və fəlsəfə elmindən ayrılaraq tibb elminə tərəf yönəlməyə başlayıb, bu proses davam edir:
"Hələ də addımlarını tibb elmi ilə tənzimləyir. İnsanın davranış və düşüncələri ümumi nizamın formalaşmasının əksinə getməməlidir. İnformasiya çoxaldıqca və rəqəmsal dünya inkişaf etdikcə insanların hadisələrə reaksiyası birmənalı olmur.
Sosial status əmək fəaliyyəti üzərində formalaşdığı üçün anlayışlar da öz mənasını şəraitə görə dəyişir. Psixologiya elmi digər sahələrdən daha gəlirli deyil, amma bütün sahələrdə inkişaf etməsinə ehtiyac yaranıb.
Psixologiya elmi şou deyil, insanları aldatmaq olmaz. İnsanlar emosional halından sui-istifadə edilməməlidir. Psixologiya fəaliyyəti hazırda dəb halındadır.
Necə ki, artıq müxtəlif zamanlarda fərqli sahələr bu mərhələni keçib. Təbii və süni formada sosial sifariş hər zaman dəb yarada bilir. Yaxın gələcəkdə psixologiya sahəsi ictimai məsuliyyət yaratmış olacaq. Peşəkarların fəaliyyəti artdıqca peşə öz sosial statusunu tənzimləmiş olacaq".
Onun sözlərinə görə, psixologiya sahəsində hüquqi normalar inkişaf etdirilməlidir, qanunla tənzimlənməlidir:
"Hansısa kurs keçməklə insanlara psixoloji xidmət göstərmək olmaz. Peşəkar psixoloq olmaq üçün ali təhsil psixologiya üzrə alınmalıdır. Hansısa kabinetdə oturub insanlara ağıl vermək psixologiya fəaliyyəti deyil.
Psixologiya ağıl vermək və ya məsləhət vermək deyil, seçim verməkdir. Hansısa elmi əsası olmayan metodlarla insanların psixi sağlamlığının keşiyində durmaq olmaz.
Müvəqqəti və ya tez müsbət nəticələr verməklə doğru iş görürmüş kimi göstərmək olmaz. Qaydalar sərtləşdirilməlidir. Ali təhsili psixologiya olmayan və psixoloq kimi özünü cəmiyyətə təqdim edən şəxslər qanun qarşısında cavab verməlidirlər.
Psixoloq fəaliyyəti göstərmək istəyən şəxslər sertifikasiya imtahanı və mərhələli digər yoxlamalardan keçməlidirlər. Sərt qanun və qaydalar psixologiya sahəsində sağlam rəqabət mühiti formalaşdıra bilər.
Xaricdə təhsil aldığını və ya xarici diplomu olduğunu iddia edən psixoloqların sənədləri rəsmi formada aidiyyəti qurumlar tərəfindən təsdiqlənməlidir".
Nigar Abdullayeva
"Cebheinfo.az"