Yekaterinburqda öldürülənlərin meyitləri bazar ertəsi Azərbaycana yola salınacaq

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları əməkdaşlarının öldürdüyü azərbaycanlıların meyitləri bazar ertəsi Azərbaycana yola salınacaq.
"Report"un Rusiya bürosunun əldə etdiyi məlumata görə, hazırda cənazələrin ailələrinə təhvil verilməsi üçün iş aparılır.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında Rusiyanın Federal Təhlükəsizlik Xidməti Yekaterinburq şəhərində azərbaycanlıların yaşadığı evlərə basqın edib. Basqın zamanı 2 azərbaycanlı öldürülüb, bir neçə nəfər saxlanılıb. Öldürülən azərbaycanlılar tanınmış jurnalist Seyfəddin Hüseynlinin qardaşlarıdır.
Azərbaycan Xarici İşlər Nazirliyi də iyunun 28-də Yekaterinburq şəhərində Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin azərbaycanlılara hücumları ilə bağlı bəyanat yayıb.
Bundan başqa, Rusiyanın müvəqqəti işlər vəkili Yekaterinburqdakı hadisəyə görə Azərbaycan XİN-ə çağırılıb, kəskin etiraz bildirilib.
"Cebheinfo.az"