Yekaterinburq hadisələri: “İstintaq sirri...”

Yekaterinburq şəhərində iyunun 27-də səhər saatlarında azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları əməliyyat həyata keçiriblər.
Əməliyyat zamanı əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub.
Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Hadisə ilə əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyi bəyanat yayaraq, Rusiya tərəfindən məsələyə aydınlıq gətirilməsini istəyib. Bundan başqa, iyunun 28-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Xarici İşlər Nazirliyinə çağırılıb.
Rusiya tərəfinə 27 iyun 2025-ci il tarixində həmvətənlərimizin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.
Hazırda Rusiyanın Sverdlovsk vilayətindəki "Azərbaycan-Ural" İctimai Milli-Mədəni Təşkilatının sədri Şahin Şıxlinski "Cebheinfo.az"-a hadisənin detalları barədə açıqlama verməyib.
Şahin Şıxlinski bəzi məlumatların istintaq sirri sayıldığından onları açıqlaya bilmədiyini söyləyib.
“Bu barədə ancaq Azərbaycanın Yekaterinburqdakı konsulluğu ilə əlaqə saxlanılmalıdır. Ancaq onlar məlumat verə bilər", - deyə o əlavə edib.
Nigar
"Cebheinfo.az"