Azərbaycan və FAO arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

İtaliyada işgüzar səfərdə olan kənd təsərrüfatı naziri Məcnun Məmmədov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş Direktoru Qu Dongyu ilə görüşüb.
"Cebheinfo.az" xəbər verir ki, FAO-nun Baş qərərgahında baş tutan görüşdə təşkilatla birgə tərəfdaşlıq çərçivəsində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.
Nazir COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunaraq, iqlim dəyişikliyinin kənd təsərrüfatı sahəsinə təsirinin minimuma endirilməsi məqsədilə həyata keçirilən tədbirlərdən söz açıb. Görüşdə Azərbaycanda aqrar sahənin inkişafının prioritet olduğu vurğulanıb, kənd təsərrüfatının inkişafına dövlət dəstəyi və bu istiqamətdə aparılan islahatlar diqqətə çatdırılıb.
FAO-nun Baş Direktoru Qu Dongyu öz növbəsində Azərbaycanın FAO-nun önəmli tərəfdaşlarından biri olduğunu, ölkəmizlə təşkilat arasında yüksək səviyyəli əlaqələrin qurulmasından məmnun olduğunu qeyd edib. FAO rəsmisi Azərbaycanda kənd yerlərinin rəqəmsal inkişafı üçün böyük potensialın olduğunu deyib, əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.
Tərəflər FAO-Azərbaycan Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilmiş layihələr və əldə olunan nəticələr ətrafında fikir mübadiləsi aparıb, Azərbaycanın FAO-da yüksək səviyyədə təmsil olunduğunu, yüksək seçkili orqanların işində fəali iştirak etdiyini bildirib, çoxtərəfli tərəfdaşlıq platformalarında bir sıra beynəlxalq tədbirlərin keçirilməsi perspektivlərini müzakirə ediblər.
Sonda qarşılıqlı maraq doğuran mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb.
"Cebheinfo.az"