Dörd ay keçsə də, “Sputnik-Azərbaycan” hələ də işləyir

Azərbaycan XİN-in “Rossiya Seqodnya” media qrupuna məxsus “Sputnik-Azərbaycan” nümayəndəliyinin fəaliyyətinin dayandırıldığını açıqlamasından artıq 4 aya yaxın vaxt keçsə də, agentlik işini faktiki olaraq davam etdirir.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Rusiyaya məxsus agentliyin nümayəndəliyi rəsmi statusda olmasa da, Bakıda işini dayandırmayıb.
Belə ki, “Sputnik-Azərbaycan” redaksiyası hələ də əvvəlki qaydada fəaliyyət göstərməklə Azərbaycanın dövlət qurumlarına və qanunlarına hörmətsizlik etməkdə davam edir. Heç nə olmamış kimi adi qaydada işləyən və hələ də maaş alan agentlik xarici ölkənin informasiya siyasətini qeyri-qanuni formada yürütməyə davam edir.
Aylardır Azərbaycan dövlətinin rəsmi qurumlarını və qanunlarını heçə sayan “Sputnik-Azərbaycan”la bağlı məsələyə kökündən baxılmasının vaxtı çatıb desək, yanılmarıq. Unutmamalıyıq ki, kimliyindən asılı olmayaraq Azərbaycanda fəaliyyət göstərən bütün şəxs və qurumlar qanun qarşısında bərabər hüquqi statusa malikdir. Rəsmi dövlət qurumlarının verdiyi qərara digər media subyektləri kimi “Sputnik-Azərbaycan”ın da hörmətlə yanaşmaqdan və bu qərarı icra etməkdən başqa seçimi yoxdur.
Digər bəzi xarici media subyektlərinin verilən qərarları icra etdiyi şəraitdə “Sputnik-Azərbaycan”ın rəsmi qərara əməl etməməsinin səbəbi nədir?
Baş verən proseslər də bir daha onu göstərir ki, dünyada reputasiyası zədələnmiş və sırf təbliğat mexanizminin bir detalı kimi qalmaqda olan “Sputnik”in Azərbaycan redaksiyasının özbaşınalığına son qoymağın vaxtı çoxdan çatıb və dövlət qurumlarımız bununla bağlı artıq qəti addımlar atmalıdır.
"Cebheinfo.az"