Seyfəddin Hüseynli: “Qardaşlarımı Qarabağda dəfn etmək istəyirik”

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi azərbaycanlı Səfərov qardaşlarının evinə basqın edib.
Basqın nəticəsində Ziyəddin və Hüseyn Səfərovun işgəncə ilə öldürüldüyü bildirilir.
Mərhumların qardaşı, tanınmış jurnalist Seyfəddin Hüseynli Modern.az-a son vəziyyətlə bağlı bildiklərini açıqlayıb.
Onun sözlərinə görə, hadisə 25 il əvvəl baş vermiş və detalları məlum olmayan bir cinayət işi ilə əlaqələndirilir:
“Lakin mən düşünürəm ki, bu hadisənin əsas məqsədi Azərbaycan diasporuna gözdağı verməkdir. Bu, azərbaycanlılara qarşı divan tutmaq niyyətidir və böyük ehtimalla dövlətimizin güclənməsini həzm edə bilməyən qüvvələrin qara niyyətli mesajıdır" - deyə S.Hüseynli bildirib.
Seyfəddin Hüseynli həyatda olan digər qardaşı – 1964-cü il təvəllüdlü Səfərov Vasif Mehdi oğlunun təyziq altında saxlanıldığını bildirib:
“Mən qardaşlarımı yaxşı tanıyıram tərbiyələrini də, mənəviyyatlarını da. Onlar oradakı ən nümunəvi azərbaycanlılardandır. Hətta biri 37 ildir ki, Rusiya vətəndaşıdır və Azərbaycan diasporunun çox ləyaqətli, nüfuzlu üzvüdür”.
Basqın nəticəsində öldürülən Ziyəddin və Hüseyn Səfərovun nəşləri ailələrinə təhvil verilməyib:
“Cənazələri atababa yurdumuz Qarabağda torpağa tapşırmaq istəyirik. Amma hələ də onların cənazələrini ala bilməmişik,” – deyə o qeyd edib.
"Cebheinfo.az"