Binanın altında qalıb ÖLDÜLƏR

Pakistanın liman şəhəri Kəraçidə baş verən dəhşətli hadisə nəticəsində 5 nəfər həyatını itirib, 6 nəfər isə yaralanıb.
Hadisə şəhərin sıx yaşayış məntəqələrindən birində yerləşən beşmərtəbəli yaşayış binasının çökməsi ilə baş verib.
"Cebheinfo.az" xəbər verir ki, hadisə səhər saatlarında qeydə alınıb, sakinlərin çoxu evdə olub. Yerli sakinlər arasında böyük təşviş yaranıb, ətraf binalarda yaşayan insanlar təcili təxliyə olunublar. Hadisə yerinə dərhal fövqəladə hallar xidməti, yanğınsöndürənlər və təcili tibbi yardım qrupları cəlb olunub.
Axtarış-xilasetmə əməliyyatları davam edir; xilasedicilər dağıntılar altında qalan insanların həyatını xilas etmək üçün vaxtla yarışırlar. Səlahiyyətli şəxslər hadisənin ilkin səbəbləri barədə açıqlama verməsələr də, bəzi yerli mənbələr binanın köhnə və zəif təmirdə olduğunu qeyd ediblər. Bu hadisə ölkədə tikinti təhlükəsizliyi və binaların texniki vəziyyəti ilə bağlı narahatlıqları bir daha gündəmə gətirib.
Nigar Hacılı
"Cebheinfo.az"