"Pezeşkiana ümid Güneydə arxayınlıq yaradıb, amma..." - MÜSAHİBƏ

"İki ay sonra Məsud Pezeşkianın Prezident postunda 1 ili tamam olacaq, amma hələ də İranda türk dilində məktəb və ya mədrəsə yoxdur".
Bu sözləri Güney Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli “Cebheinfo.az”-a müsahibəsində deyib. Müsahibəni təqdim edirik:
- Elman bəy, Güney Azərbaycandakı aksiyalar nə üçün səngiyib?
- Güney Azərbaycanda milli hərəkat artıq başqa bir mərhələyə keçib. Ötən əsrin 90-cı illərində doktor Məhəmmədtağı Zehtabinin təşəbbüsü ilə başlanmış Bəzz yürüşləri Güney Azərbaycan milli hərəkatının tarixində dərin izlər buraxdı.
Zehtabinin qoyduğu iz, yaratdığı milli-ideoloji görüş doktor Mahmudəli Çöhrəqanlını, Qulamrza Əmanini, Yürüş Mehrəlibəyli, Abbas Lisani, Əkbər Azad kimi fikir və düşüncə adamlarını, hərəkat liderlərini ortaya çıxardı. 2000-ci illərin əvvəllərində Babək qalası yürüşlərində yüzminlərlə insan iştirak edirdi. Qapalı rejimin hakim olduğu İranda bu cür aksiyalar milli iradənin yeganə tribunası idi.
O zaman sosial şəbəkələr yox idi. Ancaq məhdud sayda olsa da aksiyalardan fotolar, videolar gəlib çatırdı. Yüzminlərlə insan qalada bütövlüklə, Qarabağla bağlı mili şüarlar səsləndirir, molla rejimi qarşısında tələblər qoyurdular.
Bir neçə ildən sonra qorxuya düşən molla hakimiyyəti Bəzz qalasına yürüşləri faktiki olaraq qadağan olundu. 2002-ci ildə “Fatimiyyə günlərinə” təsadüf etdiyindən hərəkat liderlərinin yanlış qərarı üzündən aksiya dmeək olar ki, baş tutmadı.
Bir il sonra isə “bölgədə hərbi təlimlər keçirilir” bəhanəsi ilə qalaya gedən yolları bağladılar. Amma molla rejimi bir şeyi hesaba qatmamışdı. Bəzz yürüşləri dayandırılsa da, yaddaşlarla iz buraxmış, düşüncələri dəyişmişdi.
Bir neçə il sonra milli narazılıq “may qiyamı”nda ortaya çıxdı. 2006-cı ilin may hadisələri zamanı Güney Azərbaycanın onlarla iri şəhərində etiraz aksiyaları keçirildi.
“İran” qəzetində türkləri təhqir edən karikaturanın dərc olunması xalqın milli heysiyyatına toxunmuşdu. Fars şovinistləri tarakan şəklinin altından “nəmənə” sözünü yazmış, türkləri dolayısı ilə həşərata bənzətmişdilər.
Şovinistlərə bağlı qəzet üzr istəyənə qədər izdihamlı aksiyalar keçirildi. Təbrizdə, Ərdəbildə, Həmədanda, Xoyda, Meşkində, Qəzvində, Urmuda keçirilən aksiyalar rejimə bağlı qüvvələrin zorakılığı ilə dağıdıldı.
O zaman bu hərəkatı obrazlı belə ifadə edirdilər: hərəkat dağdan şəhərə endi. “May qiyamı” yatırılsa da, xalqın düşüncəsində dərin iz buraxdı. Molla rejimi də özü üçün dərslər çıxardı. O hadisələrdən sonra Urmu gölü ilə bağlı aksiyalar, 21 Azərin anım günləri keçirilirdi.
- Məsud Pezeşkianın İran Prezidenti seçilməsi ilə güneylilərin etirazları dayandı?
- Ötən ilin martında İran prezidenti İbrahim Rəisi və xarici işlər naziri Əmir Hüseyn Abdullahian da olmaqla ölkə rəsmilərini daşıyan helikopter qəzaya uğradı. Avqustda ölkədə yeni prezident seçkiləri keçirildi. Səsvermə nəticəsində azərbaycanlı Məsud Pezeşkian Prezident seçildi. Öncə Təbrizin millət vəkili olmuş Məsud Pezeşkian seçki kampaniyası dövründə türk və kürd dillərində çıxışlar etməklə narazı elektoratda müəyyən ümidlər yaratdı. Açığı, Güney Azərbaycan milli hərəkatında da ona müəyyən simpatiya var idi.
Prezident seçiləndən sonra vəzifə başında da Məsud Pezeşkian türk dilində şeirlər söyləyir, qeyri-fars dillərində azaqlıq tələb edirdi. Onun bu fəaliyyəti bu gün də davam edir.
Bəli, ola bilsin ki, Məsud Pezeşkiana olan ümidlər Güney Azərbaycan türklərində müəyyən arxayınlıq yaradıb. Lakin bu, mövcud problemlərin həlli anlamına gəlmir. İki ay sonra Məsud Pezeşkianın Prezident postunda 1 ili tamam olacaq, amma hələ də İranda türk dilində məktəb və ya mədrəsə yoxdur.
Bununla bağlı səslənən fikirlər vəd olaraq qalır. Görüntü belədir ki, beynəlxalq təzyiqlərlə üz-üzə qalan İran rejimi Türkiyə və Azərbaycanla münasibətləri qaydasına qoymaq üçün Məsud Pezeşkianı Prezident postuna gətirib və ona müəyyən imtiyazlar verib. Daha dəqiq desək, müəyyən məsələlərə danışmaq üçün icazə verib. 3 ildən sonra onun səlahiyyət müddəti bitəcək, yenə bir farsdili şəxs prezident olacaq.
- Onda milli hərəkatın bundan qazancı nədir?
- Bu səbəbdən də milli hərəkat rejimə bağlı heç kimə güvənməməlidir.
Ümumiyyətlə, Məsud Pezeşkian milli açılımı həyata keçirəcək adam deyil. Daha çox humanist görüşlü bir həkim, təmiz imicli məmur kimi hörmət qazanmış Məsud Pezeşkian qeyri-fars dillərinə azadlıq verə bilməz. Ona bu imkanı verməzlər. Amma yenə hesaba qata bilmədiyi bir məsələ var.
Bu da ondan ibarətdir ki, Məsud Pezeşkianın Prezident seçilməsi və türk dilində danışması ana dili hərəkatına böyük təkan verib. Azərbaycan dili İranın rəsmi çevrələrində, orduda danışılır. Bu proses getdikcə yayğınlaşacaq. Evlərdə, gizli toplantılarda danışılan türk dili saraya daşınırsa, rəsmi dairələrdə bu dildə danışılırsa, bunun kütlələrə təsiri çox güclü olacaq.
- Maraqlıdır, Pezeşkianı güneylilərin səsini boğmaq, yoxsa dünyaya "İranda millət problemi yoxdur" mesajı vermək üçün seçdilər?
- Mən belə deməzdim. Az əvvəl də qeyd etdiyim ki, Məsud Pezeşkian türk dünyası və Qərblə münasibətləri normallaşdırmaq üçün gətirilib. "İranda millət problemi yoxdur" mesajını heç kim verə bilməz. Belə demək mümkündürsə, artıq "cin şüşədən çıxıb".
XXI əsrdə heç kimi sayı 40 milyona çata bir millətin varlığını dana bilməz. İranın məzhəbçiliyə dayanan rəsmi ideologiyası zatən gözdən düşüb və şiə ayparası dağılıb. Vilayəti- fəqih sisteminin özü təhlükə qarşısındadır. Əksinə, ayaqda qalmaq üçün rejim müəyyən güzəştlərə getmək məcburiyyətindədir.
Bu, özünü həm şəriət qaydalarına yanaşmada, həm də milli məsələdə göstərməlidir. Bir neçə il bundan öncə baş tutmuş “hicab qiyamı”ndan sonra rejim geri çəkildi. Artıq iri şəhərlərdə, universitetlərdə qismən hicab azadlığı var.
Rejimin yaxın vaxtlarda qeyri-fars dilləri ilə bağlı müəyyən açılıma gedəcəyi də ehtimal olunur. Bunu etməsə, vilayəti fəqih sistemini yaşatmaq mümkün olmayacaq.
- Pezeşkian dönəmində Güney Azərbaycanlı soydaşlarımızın uzun illərdir gözlədiyi addımların atılmasına şahidlik edə bilərikmi?
- Bunu Məsud Pezeşkianın şəxsiyyəti ilə bağlamaq düzgün deyil. Onu “İranın Qorbaçovu” adlandırırlar. Amma mən belə düşünmürəm. Məsud Pezeşkian sadəcə gözüqıpıq hala gətirilmiş İran rejiminin son ümididir. Milli məsələdə açılım olsa belə, bu rejimin “ağa babaları”nın qərarı ilə olacaq.
- Necə düşünürsünüz, "Traktor"un türk dünyası klubları ilə əlaqələrini möhkəmləndirmək üçün yoldaşlıq görüşləri keçirilməlidir?
- Xalqlar, toplumlar arasında mədəni əlaqələri dərinləşdirmək üçün mədəniyyət, musiqi, kino və idman gözəl vasitədir. İlk dəfə İran çempionu olmuş “Traktor”un Bakıya və Gəncəyə dəvət olunması yaxşı olardı. Düşünürəm ki, Təbriz klubunun Bakıda olimpiya stadionunda “Qarabağ” və “Neftçi” ilə yoldaşlıq görüşü təşkil edilməlidir.
- Son zamanlar İranın paytaxtının dəyişəcəyi barədə xəbərlər tirajlanır. Niyə Tehran rejimi belə bir addım atmaq istəyir?
- Bu məsələ çoxdan müzakirə olunur. Paytaxtın dəyişdirilməsi fikrinin ortaya çıxmasında iqtisadi və siyasi amillər var. Tehran son illər xeyli böyüyüb, əhalinin sayı artıb. Məsud Pezeşkian Bakıda paytaxt əhalisinin çoxluğuna təəccüb etdi. Amma İranda da vəziyyət təxminən eynidir. İranın susuz bölgələrindən insanlar iri şəhərlərə: Tehrana, Məşhədə axışır.
Tehranda bu gün 8 milyondan çox insan yaşayır. Paytaxtda avtomobil sıxlığı var. İri sənaye müəsissələri burada cəmləşib. Təbii ki, bu, ekoloji böhranın yaranmasına səbəb olur. Bu gün Tehran İranın ən çox hava kirliyiliyi müşahidə olunan şəhəridir. Urbanizasiyanın qarşısını almaq, tıxacları azaltmaq üçün paytaxtı dəyişməyi uyğun görürlər.
Lakin mənim fikrimcə, ən əsas səbəb etnik məsələdir. Tehran artıq türk şəhərinə çevrilib. Bu gün şəhər əhalisinin hər 3-dən bir türk dilində danışır. Görünür rejimin beyin mərkəzləri bunu təhlükə kimi görürlər. Paytaxt dəyişdirilsə böyük ehtimalla, İran körfəzi sahillərindəki şəhərlərdən birinə daşınacaq.
Elmir Mustafa
"Cebheinfo.az"