İrəvanda dönən “Qarabağ oyunu”

İrəvanda dönən “Qarabağ oyunu”

Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan Qarabağda ləğv edilmiş qondarma rejimin qurumları ətrafında mürəkkəb və gərgin vəziyyətin yarandığını bildirib. 

Onun sözlərinə görə, hakimiyyət müxtəlif kanallardan və təzyiq mexanizmlərindən istifadə edərək, “Artsax konstitusiyası”nda nəzərdə tutulan proseslərin həyata keçirilməsinə mane olur. Abramyan iddia edir ki, Paşinyanın məqsədi guya Azərbaycanın tələbi əsasında Qarabağ məsələsini oyuncaq qurumun “dövlət institutları”nı buraxmaqla bağlamaqdır:

“Lakin bəzi “Artsax” fəallarının inadkarlığı sayəsində “Artsax” parlamenti son dərəcə məhdud səlahiyyətlərinə baxmayaraq, fəaliyyətini davam etdirsə də hakimiyyətin daimi təzyiqi altında qalır”. 

Tiqran Abramyan Qarabağ məsələsinin hələ də bağlanmadığına əmin olan, onun beynəlmiləlləşməsi və ermənilərin kütləvi geri qayıdışı üçün çalışan qüvvələri qorxunu dəf etməyə, uzunmüddətli mübarizə strategiyasını rəhbər tutmağa çağırıb. 

Abramyanın Ermənistan hökumətinin təzyiqlərindən qorxmamağa işarə etməsi Qarabağ erməniləri ilə Nikol Paşinyanın komandası arasında münasibətlərin kifayət qədər gərgin olduğunu göstərir. Xüsusilə də 2026-cı ildə keçiriləcək parlament seçkiləri bu ziddiyyəti artıran amilə çevrilib. Eks-prezidentlər Robert Köçəryan və Serj Sarkisyan seçkilərdə Paşinyan hakimiyyətinə son qoymaq üçün yenidən Qarabağ “kart”ından istifadə etməyə çalışır. 

Paşinyana qarşı “satqın”, “vətən xaini” ittihamları ilə çıxış edən revanşist müxalifət etiraz aksiyalarına Qarabağdan köçmüş erməniləri cəlb etmək istəyir. Lakin ləğv edilmiş cinayətkar rejimin strukturlarının qalıqlarının dağılması müşahidə olunur. Separatçı dəstənin keçmiş və sonuncu rəhbəri Samvel Şahramanyanın səlahiyyət müddəti mayın 21-də başa çatıb. 

Qondarma rejimin rəhbəri postuna keçiriləcək “seçkilər”də iştirak etmək üçün namizədliyini irəli sürən olmayıb. Ona görə də Şahramanyan ya özünün qanunsuz fəaliyyətini davam etdirməli, ya da bundan imtina edərsə, səlahiyyətləri oyuncaq rejimin parlamentinin sədri Aşot Danielyana keçməlidir. Şahramanyanı namizədlikdən çəkindirmək üçün Ermənistan rəhbərliyinin ona təzyiq etməsi barədə məlumatlar təsdiqini tapır. 

İyunun 4-də Ermənistan İstintaq Komitəsinə çağırılan Şahramanyan Qarabağı tərk edərkən silahların Azərbaycan tərəfinə təhvil verilməsi ittihamı üzrə şahid qismində dindirilib. Əslində, Şahramanyanın istintaqa cəlb olunması onu namizədlikdən çəkindirmək üçün təzyiq vasitəsi hesab edilir. 

Bu isə 2026-cı il seçkiləri öncəsi “Qarabağ klanı”nın yenidən təşkilatlanmasının qarşısını almağa və müxalifətin sosial bazasını dağıtmağa hesablanıb. Abramyanın Ermənistan hakimiyyətini qondarma konstitusiyanı pozmaqda ittiham etməsi də bununla bağlıdır. 

Ancaq uydurma qurumun fəaliyyətinə tamamilə son qoyulması hələ Azərbaycanın ərazi bütövlüyünün tanınması demək deyil. Ona görə də “DQR”-ə seçkilərin baş tutmasına mane olmaq sülh müqaviləsi üçün hüquqi əsas yaratmır. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin de-yure tanınması yalnız Ermənistan Konstitusiyasına dəyişiklik edildikdən sonra mümkündür. 

Konstitusiyanın preambulasından keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsini nəzərdə tutan Müstəqillik Bəyannaməsinə istinad hissəsi çıxarılmalıdır. Yalnız bundan sonra Qarabağ məsələsini tamamilə bitəcək. Beləliklə, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün de-yure əsas yarana bilər. 

Müşfiq Abdulla
"Cebheinfo.az"