Britaniya Azərbaycanı "satdı"?

Ermənistanla Böyük Britaniya arasında 2025-2026-cı illəri əhatə edəcək müdafiə sahəsində əməkdaşlıq proqramı imzalanıb.
Əməkdaşlıq haqqında bu sazişi Ermənistan Müdafiə Nazirliyinin Müdafiə Siyasəti və Beynəlxalq Əməkdaşlıq Baş İdarəsinin rəisi Levon Ayvazyan və Böyük Britaniyanın Müdafiə Nazirliyinin Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya Siyasəti üzrə direktoru Kristofer Key imzalayıblar.
İrəvanda aparılan məsləhətləşmələr zamanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini, general-mayor Artur Yeroyan britaniyalı həmkarlarına Ermənistan ordusunun transformasiyası prosesini təqdim edib, həmçinin islahatların prioritet istiqamətlərinə toxunub. Regional və beynəlxalq təhlükəsizlik, o cümlədən müdafiə sahəsində əməkdaşlıq məsələləri də müzakirə olunub.
Qeyd edək ki, Britaniya və Ermənistan arasında hərbi əməkdaşlığın qurulması istiqamətində razılaşma hələ 2023-cü il noyabrın 29-da əldə olunub. Londonda Ermənistan və Böyük Britaniya nümayəndələri arasında keçirilən görüşdə 2023-2024-cü illərə dair hərbi əməkdaşlıq planı imzalayıblar.
Bu il mayın 15-də Berlində Ermənistanın müdafiə naziri Suren Papikyanla Böyük Britaniyanın Silahlı Qüvvələr üzrə dövlət katibi Lyuk Pollard arasında keçirilən görüşdə nöbəti dəfə hərbi əməkdaşlığın dərinləşdirilməsi məsələsi müzakirə olunub.
Cənubi Qafqazda hərbi və təhlükəsizlik fəaliyyətindən daha çox regional iqtisadi layihələri ilə yadda qalan Böyük Britaniyanın indi Ermənistanla müdafiə sahəsində əməkdaşlığa önəm verməsi Azərbaycanda narahatlıqla qarşılanmaya bilməz. Çünki beynəlxalq və regional proseslərdə Azərbaycanın əsas strateji tərəfdaşlarından biri olan Britaniyanın Ermənistan ordusunu modernləşdirməyə yardım göstərməsi müsbət əlamət deyil. Nəzərə almaq lazımdır ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalanmayıb.
Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddialarından rəsmən imtina etməyib. Belə olan təqdirdə, müharibə risqi hər zaman yüksək olaraq qalır. Bu baxımdan, Azərbaycanda geoiqtisadi çıxarları və transmilli neft-qaz layihələri olan Britaniya bölgədə sabitliyin təmin olunmasında maraqlı olmalıdır. Ancaq İrəvan və London arasında aparılan danışıqların gündəliyinə baxdıqda, Ermənistan ordusunda islahatlar və regional təhlükəsizlik məsələlərinin əsas müzakirə predmeti olduğunu görmək olar.
Britaniyanın məqsədi Ermənistanın Rusiyanın geosiyasi təsir dairəsindən çıxmasına nail olmaqdır. Tramp adminstrasiyasının Ukraynaya hərbi və siyasi dəstəyi azaltması fonunda Rusiya və Avropa arasında artan qarşıdurma Britaniyanın fəallaşması ilə müşahidə olunur.
Hazırda Avropanın yeni təhlükəsizlik sisteminin yaradılması uğrunda Britaniya və Fransa mərkəzli iki güc arasında rəqabətin getdiyini də görmək olar. Ümumilikdə hər iki ölkə ABŞ-dən fərqli olaraq, Ukrayna cəbhəsində Rusiyaya qarşı mübarizənin davam etdirilməsinin tərəfdarıdır. Britaniyanın Ermənistan üzərindən Cənubi Qafqazda aktivləşmək cəhdi də bununla bağlıdır.
Xatırladaq ki, bu yaxınlarda Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan etmişdi ki, Aİ və Böyük Britaniya NATO-nun maraqlarına xidmət edən hərbiləşdirmə və qarşıdurma kursu götürüblər. Onun sözlərinə görə, Aİ-nin Ermənistana 10 milyon avro hərbi yardım ayırmaq planları onun Cənubi Qafqazda destruktiv təsirini yaymağa yönəlik geosiyasi hesablamalardır.
Zaxarovanın açıqlaması Britaniya və Ermənistan arasında artan hərbi əməkdaşlığın əsas hədəfinin Rusiyanın bölgədə təsirinin azaltmaq olduğunu bir daha təsdiq edir. Lakin Ermənistanda Britaniyadan fərqli olaraq, Fransa hərbi və geosiyasi proseslərin önündə görünür.
Londonun Ermənistanla yaxınlaşması həm də bu balansı öz xeyrinə dəyişmək istəyi kimi şərh oluna bilər. Ermənistan isə Britaniyanın bu siyasətindən Azərbaycana qarşı istifadə etməyə çalışır. Yəni, İrəvanın məqsədi Azərbaycanla Britaniya arasında münasibətləri pozmaq, eyni zamanda ordunun müasir silahlarla təmin olunmasına nail olmaqdır.
Müşfiq Abdulla
“Cebheinfo.az”