Tofiq Zülfüqarov Ukraynanın hücumunun pərdəarxasını AÇIQLADI

Tofiq Zülfüqarov Ukraynanın hücumunun pərdəarxasını AÇIQLADI

Son günlər Rusiya-Ukrayna müharibəsində intensivləşən dron hücumları beynəlxalq ictimaiyyətin diqqətindədir. 

Məlumata görə, Ukraynanın Rusiya ərazisinə kütləvi dron hücumlarının əsas bir neçə məqsədi olub.  

Ekspertlərin fikrincə, bu hücumlar Rusiyanı təxribata çəkmək və ölkənin mövcud nüvə doktrinasına əsasən sərt cavab verməyə təhrik etmək məqsədi daşıyır. 

Ehtimal edilir ki, Kreml bu dəfə nüvə silahından deyil, lakin onun qədər dağıdıcı gücə malik yüksək dəqiqlikli raketlərdən istifadə edə bilər. Bu isə Qərbə həmin raketlərə dair kəşfiyyat məlumatları toplamaq və müdafiə sistemlərini test etmək imkanı verə bilər. Rusiya baş verənləri əsas gətirərək İstanbul formatını dayandıra bilər. 

Bəs, bu hücumların əsl məqsədi və Qərbin bu prosesdəki rolu nədir? Rusiya nüvə silahını işə sala bilər?

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, baş verən dron hücumlarında Qərbin birbaşa iştirak edib-etmədiyi hələ də sual altındadır:

"Çünki hücum zamanı istifadə olunan dronların əsas fərqi ondan ibarətdir ki, onların içərisində süni intellekt elementi olan proqram təminatı mövcuddur. Bu sistemlər dronlara idarə olunmadan, avtonom şəkildə hərbi təyyarələri aşkar edib hədəf seçmək və onu məhv etmək imkanı verir.

Bu baxımdan, onların uzaqdan idarə olunması aktual məsələ deyil və Qərbin bu prosesə kəşfiyyat məlumatları verməklə qoşulub-qoşulmadığı sual doğurur. Bu baxımdan, Qərbin kəşfiyyat məlumatları verməsi sual altındadır.

Zülfüqarovun fikrincə, hücumların strateji baxımdan təsiri də mübahisəlidir:

"Mən eşitmişəm ki, həmin strateji təyyarələr Ukrayna cəbhəsində istifadə olunmur, çünki onlara bu mərhələdə ehtiyac yoxdur. Ola bilər ki, mən yanılıram. Amma bildiyim qədərilə bu, daha çox Rusiyanın nüvə silahlarının balansına, yəni "nüvə triadası"na təsir edən bir məsələdir. 

Bildiyiniz kimi, nüvə triadası üç hissədən ibarətdir: dəniz donanmasında yerləşən nüvə silahları, hərbi hava qüvvələrinin daşıdığı silahlar və quruda yerləşdirilən raket sistemləri. İndiki hücum həmin triadanın hava komponentinə zərbə vurub. Açıq məlumatlara əsasən, Rusiyanın təxminən 60-a yaxın strateji bombardmançı təyyarəsi var və onların azı 30%-i ya zədələnib, ya da sıradan çıxarılıb".

Sabiq nazir əlavə edib ki, Ukrayna cəbhəsində hələ də adi silahlar istifadə olunur və nüvə silahlarına əl atılmayıb:

"Hücumun hərbi baxımdan cəbhədəki vəziyyətə nə dərəcədə təsir göstərəcəyi də qeyri-müəyyəndir. Rusiya bu sahədə üstünlüyünü qoruyur. Əgər Rusiya quru hücumlarını davam etdirərsə, bu, Ukrayna üçün daha da ağır vəziyyət yarada bilər".

Tofiq Zülfüqarov hesab edir ki, hücumların əsas məqsədlərindən biri Rusiyanı daha sərt, bəlkə də nüvə gücünə yaxın silahlarla cavab verməyə təhrik etmək ola bilər:

"Bəzi dairələr düşünür ki, bu hücumlar qəsdən təşkil olunub ki, Rusiya nüvə silahına olmasa da, onun qədər dağıdıcı silahlara əl atsın və nəticədə sülh danışıqları baş tutmasın. Çünki istənilən halda Rusiya cavab verməyə məcburdur və bu da hərbi əməliyyatların daha da intensivləşməsinə, eskalasiyaya səbəb ola bilər".

Sabiq nazirin fikrincə, hazırkı vəziyyət Rusiyanın “qalib tərəf” imici yaratmaq cəhdlərini də çətinləşdirir:

"Rusiya bu günə qədər özünü qalib tərəf kimi təqdim etməyə çalışırdı. Xüsusilə 9 May paradlarında bu təbliğat açıq görünürdü. Ancaq hazırda bu görüntünü yaratmaq çətindir. Rusiya rəhbərliyi seçim qarşısındadır. O ya bərabər tərəf kimi danışıqlar masasına əyləşəcək, ya da üstünlüyünü qorumaq üçün yeni cəhdlər edəcək.

Məcburən Putin özünü elə göstərir ki, məğlub olmayıb. Amma biz anlayırıq ki, reallıq tam fərqlidir. Ukraynanın müəyyən əraziləri Rusiya nəzarətində qalsa da, bu, onu qalib etmir. Əksinə, Rusiya bu savaşda ciddi zərbələr alıb və qalib tərəf olduğunu birmənalı şəkildə iddia edə bilməz".

Əfsanə Rəcəb
"Cebheinfo.az"