Paşinyan sülhü başlamadan bitirdi

“Konstitusiya Məhkəməsi sülh müqaviləsinin Ermənistan konstitusiyasına uyğun gəlmədiyinə dair qərar çıxartsa, mən konstitusiyaya dəyişikliklərlə bağlı təşəbbüs irəli sürəcəm”.
Ermənistanın Baş naziri Nikol Paşinyan “İrəvan dialoqu” ikinci beynəlxalq forumunda belə deyib. “Sülh prosesini və sülh müqaviləsinin imzalanmasını əldən vermək olmaz”,- deyə Paşinyan vurğulayıb.
Paşinyan qeyd edib ki, cəmiyyət ölkədə davamlı sülhə nail olmaq üçün bu dəyişikliklərin zəruriliyinə əmin olacaq. “Lakin Konstitusiya Məhkəməsi müqavilənin Ermənistan Respublikasının Konstitusiyasına tam uyğun olduğuna qərar verərsə, sənədin Milli Məclisə göndərilməsinə heç bir maneə olmayacaq”,-deyə Baş nazir bildirib.
Qeyd edək ki, Nikol Paşinyan bu açıqlaması ilə əslində, Ermənistan Konstitusiyasına dəyişikliklə bağlı atacağı addımları elan edib. Yəni, Paşinyan Konstitusiyada Azərbaycana qarşı ərazi iddiasının ləğvi üçün ilkin şərt irəli sürür. Paşinyan ilk növbədə, referendumdan öncə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını təklif edir.
Daha doğrusu, Ermənistan hakimiyyəti çərçivə sülh sazişini yekun sülh müqaviləsi kimi tamamlamağa çalışır. Hazırda İrəvan və Bakı arasında aparılan danışıqlarda 17 bənddən 15-nin razılaşdırıldığını nəzərə alsaq, mübahisəli qalan digər iki bənddən biri konstitusiyanın preambulasından keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsinə dair hissənin ali qanundan çıxarılması ilə bağlıdır.
Ancaq Paşinyan sözügedən iki bənd üzrə razılaşma əldə edilmədən, yəni Azərbaycanın tələbini yerinə yetirmədən sülh müqaviləsinin imzalanmasını təklif edir. Əslində, söhbət yekun sülh müqaviləsindən deyil, çərçivə sənədinin qəbulundan gedir.
Ermənistan tərəfi bununla prosesi yekunlaşdırmaq və digər öhdəliklərdən yayınmaq istəyir. Paşinyan iddia edir ki, Ermənistan Konstitusiya Məhkəməsi Azərbaycanla imzalanmış sazişin konstitusiyaya uyğunluğuna dair rəy verərsə, sənəd ratifikasiya edilmək üçün parlamentə göndəriləcək və referenduma ehtiyac qalmayacaq. Ermənistan Konstitusiya Məhkəməsindəki hakimlərin Paşinyana sadiq hakimlərdən seçilərək təyin olunub.
Yəni, referendum keçirilmədən tərəflər arasında hər hansı saziş imzalanarsa, Ermənistan Konstitusiya Məhkəməsi hökumətin siyasi sifarişi ilə həmin sənədin konstitusiyaya uyğunluğu barədə rəy verə bilər. Beləliklə, Baş nazir Ermənistan Konstitusiyasına dəyişiklik edilmədən, Azərbaycanla sülhün mümkün olduğunu sübut etməyə çalışır.
Bu isə Paşinyana konstitusiyada Azərbaycana qarşı ərazi iddiasını saxlamaq üçün siyasi manipulyasiya imkanı yaradır. Görünür, Nikol Paşinyanın məqsədi “Qarabağ Ermənistandır” iddiasını hüquqi cəhətdən konstitusiyada təsbit etmək və bu məsələni gələcəyə saxlamaqdır.
Çünki sülh müqaviləsində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıdığına dair razılaşmanı imzalasa da, Qarabağa ərazi iddiasının konstitusiyada qalması sazişin mətni ilə hüquqi ziddiyyət təşkil edəcək. Bu baxımdan, Konstitusiya Məhkəməsi əslində, sülh müqaviləsinin Ermənistan Konstitusiyası ilə ziddiyyət təşkil etdiyi barədə rəy verməlidir. Ermənistan rəhbərliyi dövlətlərarası müqavilənin yerli qanunvericiliklə ziddiyyət təşkil edəcəyi halda beynəlxalq öhdəliklərin əsas götürüləcəyini bildirir.
Söhbət Vyana Konvensiyasının 27-ci maddəsindən gedir. Lakin Ermənistan Konstitusiyasının 5.3-cü maddəsinə görə, bu normativ yalnız qanunvericilik bazasına aiddir. 5.1-ci maddəyə görə, konstitusiya ən yüksək hüquqi qüvvəyə malikdir. Yəni, Ermənistanda hakimiyyətdə olan istənilən siyasi qüvvə konstitusiyanın ali hüquqi sənəd olduğunu əsas gətirərək sülh müqaviləsində Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməkdən imtina edə bilər. Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiasının saxlanılması da bu müddəadan əsas hüquqi baza kimi istifadə etmək məqsədi daşıyır.
Müşfiq Abdulla
“Cebheinfo.az”