Sarkisyan həbs oluna bilər - ŞOK SƏBƏB

Sarkisyan həbs oluna bilər - ŞOK SƏBƏB

Bu gün prokuror Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın 3 milyon ABŞ dollarına yaxın xüsusi külli miqdarda rüşvət alması faktı üzrə ittiham aktı ilə təsdiq edilmiş cinayət işinin materiallarını məhkəməyə təqdim edib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. 

Bundan əvvəl Korrupsiyaya Qarşı Mübarizə Komitəsi 2008-ci il fevralın 20-də keçmiş yüksək rütbəli Ermənistan məmurunun bir sıra şəxslərin köməyi ilə sözügedən rüşvətin bir hissəsini iş adamından 2 milyon 660 min ABŞ dolları məbləğində nağd pul şəklində, qalan məbləği isə digər əlaqəli şəxslərin köməyi ilə alması barədə məlumat yaymışdı. 

Baş Prokurorluğun yaydığı məlumatdan söhbətin Serj Sarkisyandan getdiyi aydın olur. Çünki Sarkisyan həmin vaxt prezident deyil, baş nazir postunu tuturdu.2008-ci il fevralın 19-da keçirilən prezident seçkilərinin nəticələrinin saxtalaşdırılması nəticəsində Serj Sarkisyan qalib elan edilsə də o, dövlət başçısı səlahiyyətlərinin icrasına yalnız aprelin 9-da başlayıb. 

Serj Sarkisyan 2018-ci ildə baş vermiş “məxməri” inqilab zamanı istefa verdikdən sonra onun, kürəkəninin, qardaşlarının və onların ailə üzvləri barəsində korrupsiya, rüşvətxorluq, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz silah gəzdirmə maddələri ilə bir neçə dəfə cinayət işi açılıb.

Serj Sarkisyanın və qardaşlarının əmlakı müsadirə olunub. Növbəti  ittiham aktı üzrə sabiq prezidentin barəsində məhkəmə prosesi başlanılsa da onun həbs ediləcəyi inandırıcı görünmür. Hazırda Ermənistan daxilində hakimiyyət-müxalifət münasibətləri üzrə baş verən proseslərin daha çox 2026-cı ildə keçiriləcək parlament seçkilərinə hesablandığını nəzərə alsaq, Serj Sarkisyana qarşı qaldırılan cinayət işinin məqsədi məlum olar. 

Nikol Paşinyan hökumətinin eks-prezidenti məhkəməyə çəkməsi siyasi təzyiq məqsədi daşıyır. Təbii ki, Ermənistan cəmiyyətində ciddi siyasi çəkiyə malik olmayan Serj Sarkisyanın yenidən hakimiyyətə qayıtmaq şansı çox azdır. Son rəy sorğuları onun siyasi reytinqinin 3 faiz civarında olduğunu göstərir.

Bu baxımdan, Sarkisyanın liderlik etdiyi Ermənistan Respublika Partiyasının 5 faizlik seçki barajını keçərək növbəti parlamentə düşə biləcəyi inandırıcı görünmür.

Hər halda reytinqi getdikcə aşağı düşən Paşinyan Sarkisyana qarşı ehtiyat tədbirlərini işə salıb. Xüsusilə də onun son vaxtlar Ermənistanda hakimiyyət dəyişikliyinin əsas məqsəd olması barədə sərt bəyanatları yəqin ki, hakimiyyət dairələrində sərt addımlar atmasına səbəb olub.

Hətta son günlər mediada seçkilərdə Paşinyanı məğlub etmək üçün Sarkisyanın özünün keçmiş dostu və hazırda münasibətləri gərgin olan eks-prezident Robert Köçəryanla da birləşməyə hazır olması barədə aratn məlumatlar hakimiyyət düşərgəsində görünür, narahatlıqla qarşılanıb.

Ona görə də Sarkisyana qarşı başlanmış məhkəmə ittihamı daha çox siyasi “bazarlıq” məqsədi daşıya bilər. Onun ayrılıqda seçkilərə getməsi revanşist müxalifətin elektoratını parçalamağa xidmət edəcək bir addım olar.

Eyni zamanda, Ermənistan cəmiyyətin Köçəryanın və Sarkisyanın hakimiyyətə qayıtmasını istəmir. Bu mənada, Sarkisyana seçkilərdə iştirakdan imtina etmək yox, cinayət işinin ləğvi müqabilində Köçəryana və digər müxalif namizədə dəstək verməmək təklif oluna bilər. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”