Gürcüstanda qalmaqallı qanun qüvvəyə mindi

Gürcüstanda qalmaqallı qanun qüvvəyə mindi

Gürcüstanda xarici təsirə məruz qalan təşkilat və şəxslərlə bağlı yeni qanun artıq qüvvəyə minib. 

"Cebheinfo.az" xəbər verir k, qanun ABŞ-də illərdir tətbiq olunan FARA qanununun (“Foreign Agents Registration Act”) demək olar ki, eynisidir.

Yəni, ölkə daxilində xarici maraqlara xidmət edən və xaricdən maliyyə alan istənilən qurum və ya şəxs bundan sonra “xarici agent” kimi qeydiyyata düşməlidir.

Gürcüstan parlamenti bu qanunu bu ilin 1 aprelində üçüncü və son oxunuşda qəbul edib.Qanunun tam qüvvəyə minməsi isə rəsmi olaraq 60 gün sonra yəni bu gün baş tutub. Ən ciddi məqam isə budur: əgər kimsə, bu qaydalara əməl etməzsə, onu 5 ilədək həbs gözləyə bilər.

Yeni qanunun icrasına Gürcüstanın Korrupsiyaya Qarşı Mübarizə Bürosu nəzarət edəcək.

Qanuna görə, hər hansı media orqanı, QHT və ya şəxsi təşəbbüs qrupu xaricdən maliyyələşirsə və fəaliyyəti ölkə daxilində xarici dövlətin maraqlarını güdürsə, onlar “xarici agent” sayılacaq.

Belə şəxslər və təşkilatlar 10 gün ərzində Korrupsiyaya Qarşı Mübarizə Bürosuna məlumat verməlidirlər.

Hakim “Gürcü Arzusu” partiyası deyir ki, bu addımı atmağa vadar edən səbəb keçən il qəbul etdikləri oxşar qanunun praktikada işləməməsi olub. Yeni versiya isə daha sərt və konkret şərtlərlə hazırlanıb. Hakimiyyət hesab edir ki, bəzi xaricdən dəstəklənən QHT-lər ölkədə vəziyyəti qarışdırmağa, cəmiyyətə təsir etməyə çalışır.

Onların sözlərinə görə, bu cür “səssiz təsirlər” ölkədə sabitliyə təhlükə yaradır.Hazırda Gürcüstanda bu qanuna qarşı yenidən ictimai narazılıqların yaranacağı istisna edilmir.

Amma hökumət qərarlıdır: "kim xaricdən gələn pulla işləyirsə, ictimaiyyət bunu bilməlidir" prinsipini əsas götürür.

Səbinə Uğur
"Cebheinfo.az"