İnkarçı Paşinyan: Baş nazirin sözlərində gizlənən MESAJLAR

İnkarçı Paşinyan: Baş nazirin sözlərində gizlənən MESAJLAR

Ermənistanın Baş naziri Nikol Paşinyanın “İrəvan dialoqu”nda səsləndirdiyi fikirlər, xüsusilə də Azərbaycanın qərb rayonlarından Naxçıvana daşımaların təşkili ilə bağlı “konkret təkliflər verdik” deməsi regionda davam edən danışıqlar prosesində yeni bir mərhələyə keçid ehtimalını gündəmə gətirir.

Lakin burada diqqətçəkən məqam təkcə logistika məsələsi deyil, Paşinyanın ritorikasında gizlənən strateji və siyasi mesajlardır. 

Bir tərəfdən, Ermənistan lideri Zəngəzur dəhlizi mövzusunda konstruktiv görüntü yaratmağa çalışır, digər tərəfdən isə “Qərbi Azərbaycan” anlayışını tamamilə inkar edir və bu məsələdə açıq şəkildə sərt mövqe nümayiş etdirir. 

Onun “Ermənistan Respublikasında Qərbi Azərbaycan yoxdur və ola da bilməz” kimi fikirləri, əslində, Ermənistanın etnik təmizləmə nəticəsində didərgin saldığı azərbaycanlıların geri dönüşü ilə bağlı hər hansı bir hüquqi-mənəvi məsuliyyəti tanımaqdan imtinasıdır. Bu isə Azərbaycanın əsas tələblərindən biri ilə ziddiyyət təşkil edir. 

Paşinyan “kommunikasiyaların açılmasına hazırıq, lakin Azərbaycan hələ imkan yaratmayıb” fikri ilə məsuliyyəti Bakının üzərinə atmağa çalışır. Halbuki Bakı bu illər ərzində regional nəqliyyat xəritələrinin hazırlanması, suverenlik və bərabərlik prinsipləri əsasında kommunikasiyaların açılmasına dair dəfələrlə təşəbbüslər irəli sürüb. 

“Sülh kəsişməsi” adlandırdığı təşəbbüsün arxasında isə Ermənistanın öz tranzit mövqeyini qorumaq cəhdi dayanır, amma bu təşəbbüsün real konturları və hüquqi çərçivəsi hələ də bəlli deyil. Digər vacib məqam isə odur ki, Paşinyan bir tərəfdən “region xalqlarının taleyini dəyişəcək sənədlərin imzalanmasına hazırıq” deyir, amma ərazi bütövlüyü və yurisdiksiya prinsipini yalnız öz istədiyi çərçivədə qəbul etdiyini göstərir. Bu, ikiüzlü yanaşmadır: kommunikasiya və əməkdaşlıq məsələlərində tərəfdaşlıq mesajı verilir, amma mübahisəli məsələlərdə Ermənistan hələ də özünümüdafiə mövqeyindən çıxış edir. 

Mövzu ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən millət vəkili Hikmət Babaoğlu deyib ki, Nikol Paşinyanın Naxçıvan-İrəvan arasında kommunikasiyaların bərpası ilə bağlı açıqladığı fikirlər, əslində, Zəngəzur dəhlizinin və bütövlükdə Ermənistan-Azərbaycan arasında kommunikasiyaların açılmasına qarşı yönəlmiş mövqedir. Millət vəkili bildirib ki, Naxçıvan-İrəvan xətti Zəngəzur dəhlizinin sadəcə bir parçası ola bilər: 

"Əgər Azərbaycan məqsəd kimi Bakıdan Naxçıvana, yəni Azərbaycanın bir hissəsindən digər hissəsinə, Zəngəzur dəhlizindən keçməklə fasiləsiz və təhlükəsiz kommunikasiya əlaqəsi qurmağı hədəfləyirsə, Paşinyan bu böyük layihənin yalnız kiçik və ikitərəfli hissəsindən danışır. 

Göründüyü kimi, bu mövqe ictimai rəyə yönəlik manipulyativ xarakter daşıyır və sadəcə sülhpərvər imici yaratmaq məqsədi güdür. Reallıqda isə Azərbaycanın istəyi öz ərazisindən digər hissəsinə maneəsiz şəkildə yük və sərnişin daşımaqdır. Başqa sözlə, biz Azərbaycandan Azərbaycan ərazisinə getmək istəyirik. 

Naxçıvandan İrəvana getmək olar da, olmaya da bilər. Bu, məsələnin yalnız texniki və ikinci dərəcəli tərəfidir. Məsələnin daha dərin tərəfi isə Paşinyanın əvvəllər verdiyi bəyanatlarla bugünkü mövqeyi arasındakı ziddiyyətlərdə əks olunur. Bir vaxtlar Qarabağın Azərbaycana aid olması fikrini sərt şəkildə rədd edir, hətta "Qarabağ Ermənistandır və nöqtə" ifadəsini işlədirdi. 

Ancaq bu gün biz real vəziyyətin necə dəyişdiyini görürük. İndi həmin Paşinyan müxtəlif tribunalardan "Qarabağ Azərbaycandır" demək məcburiyyətində qalır. Bu fakt onu göstərir ki, Paşinyan gələcəkdə yenidən fikrini dəyişə bilər. Ona görə də uzaqgörən siyasətçilər məhz sözlərini ən sonda, tarazlı və reallığa uyğun şəkildə deyənlərdir”. 

Əsas məsələ isə dəyişməz olaraq qalır: 

“Ortada bir həqiqət var. 1988-ci ilə qədər azərbaycanlılar indiki Ermənistanda yaşayıblar, onların mülkləri, yaratdıqları maddi və mədəni irs bu gün də Ermənistan ərazisində qalır. Beynəlxalq hüquq, regional inteqrasiya prinsipləri və bugünkü siyasi reallıqlar tələb edir ki, Qərbi azərbaycanlılar öz tarixi torpaqlarına qayıtmalıdırlar. Bütün bunlar nəzərə alınmadan və xüsusilə Ermənistanın Baş naziri Nikol Paşinyan bu məsələləri görməzdən gəlsə, regionda nə real inteqrasiya, nə də uzunmüddətli sülh mümkündür". 

Səbinə Uğur 
"Cebheinfo.az"