Medvedev müqaviləli və könüllü əsgərlərin sayını açıqlayıb

Medvedev müqaviləli və könüllü əsgərlərin sayını açıqlayıb

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev 2025-ci ilin əvvəlindən bəri təxminən 175 min müqaviləli hərbçinin silahlı qüvvələrə qoşulduğunu açıqlayıb.

"Cebheinfo.az" xəbər verir ki, hərbi hissələrin gücləndirilməsi ilə bağlı keçirilən iclasda çıxış edən Medvedev, bundan əlavə, könüllü birləşmələrə 14 mindən çox könüllünün qoşulduğunu bildirib:

"Rəqəmlər göstərir ki, düşmənlərimizin vəziyyəti bizimkindən köklü şəkildə fərqlənir. Biz bu tendensiyanı davam etdirməli və müqaviləli əsgərlər almağa davam etməliyik".

Rusiya Prezidenti Vladimir Putin mayın 13-də verdiyi açıqlamada iddia edib ki, ayda 50-60 min Rusiya vətəndaşı Müdafiə Nazirliyi ilə könüllü müqavilə bağlayır, Ukraynada isə məcburi səfərbərlik çərçivəsində ayda 30 min nəfər işə götürülür.

Ötən ilin iyun ayında verdiyi açıqlamada Putin hərbi əməliyyat zonasında təxminən 700 min şəxsi heyətin xidmət etdiyini açıqlamışdı.

Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ilin yanvarına qədər Ukrayna ordusunda 880 mindən çox əsgər olduğunu açıqlamışdı.

Ukrayna 2022-ci il fevralın 24-də hərbi vəziyyət elan edib, ümumi səfərbərliyə başlayıb və bu tədbirləri mütəmadi olaraq uzadıb.

Ukrayna hökuməti hərbi xidmət üçün şərtləri də sərtləşdirib, hərbi xidmət yaşını 27-dən 25-ə endirib və “məhdud ixtisas” kateqoriyasını ləğv edib.

Nigar Hacılı 
"Cebheinfo.az"