Azərbaycan və Pakistan XİN rəhbərləri İƏT Zirvəsini müzakirə edib - YENİLƏNİB

Azərbaycan və Pakistan XİN rəhbərləri İƏT Zirvəsini müzakirə edib - YENİLƏNİB

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə telefon danışığı baş tutub.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər arasında Azərbaycan-Pakistan strateji tərəfdaşlığının gündəliyində müxtəlif ölçülər üzrə yer alan ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Ali və yüksək səviyyədə qarşılıqlı səfərlərin artan dinamikasından məmnunluq ifadə olunaraq, gələcək təmaslar, o cümlədən Azərbaycanın cari ilin iyul ayında ev sahibliyi edəcəyi İqtisadi Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına hazırlıq işlərinə dair fikir mübadiləsi aparılıb.

Telefon danışığı zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

18:29

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov pakistanlı həmkarı Məhəmməd İshaq Darla Xankəndidə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvəsini müzakirə edib.

Bu barədə Pakistanın xarici siyasət idarəsinin mətbuat xidməti məlumat yayıb.

“Baş nazirin müavini – xarici işlər naziri, senator Məhəmməd İshaq Dar bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla telefon danışığı aparıb”, – məlumatda qeyd olunub.

Bildirilib ki, telefon danışığı əsnasında Pakistanın baş diplomatı “bu həftənin əvvəlində Azərbaycana səfəri zamanı göstərilmiş səmimi qonaqpərvərliyə görə xarici işlər nazirinə təşəkkür edib”.

“Hər iki lider 2025-ci ilin iyul ayının əvvəlində Azərbaycanda keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvəsinin təfərrüatlarını, iştirakçılarını və mexanizmlərini müzakirə ediblər”, – press-relizdə diqqətə çatdırılıb.

Xatırladaq ki, ECO-nun 17-ci Zirvəsi 3-4 iyul tarixlərində Xankəndi şəhərində keçiriləcək.

"Cebheinfo.az"