"AzDrama"da dava: Yalan demişdilər, doğru çıxdı

"AzDrama"da dava: Yalan demişdilər, doğru çıxdı

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında (“AzDrama”) baş verən qalmaqal getdikcə böyüyür.

Artıq Xalq artisti Əli Nur Əməkdar artist Fizuli Hüseynovu polisə şikayət edib.

Bu haqda aktyor özü sosial şəbəkədə bildirib.

Aktyor F.Hüseynovun ona hücum etməsi xəbərlərini təsdiqləyib və onu polisə şikayət etdiyini deyib:

"Fizuli Hüseynov mənə qarşı aqressiv davranış sərgilədi və xoşagəlməz insidentin baş verməsinə səbəb oldu. Hadisə baş verən andan dərhal sonra məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına, prokurorluğa rəsmi şəkildə müraciət etdim. Hazırda Fizuli Hüseynovun törətdiyi cinayət işi ilə bağlı prokurorluqda istintaq gedir.

Teatrımızın nüfuzuna xələl gəlməməsi üçün hadisəni ictimaiyyətə açıqlamadım və mətbuatda inkar etməyə üstünlük verdim. Düşünürdüm ki, teatr rəhbərliyi məsələni obyektiv qiymətləndirəcək və müvafiq intizam tədbirləri görüləcək. Lakin o, sanki heç nə olmamış kimi fəaliyyətini davam etdirir.

Ailə üzvlərim haqlı olaraq narahatdırlar. Onlar teatr rəhbərliyindən Fizuli Hüseynovun cəzalandırılmasını və ədalətin bərpa olunmasını gözləyirlər. Əminəm ki, Fizuli Hüseynov törətdiyi əmələ görə qanun qarşısında layiqli cəzasını alacaq".

Məsələ ilə bağlı “Cebheinfo.az” Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat katibi Cavid Zeynallı ilə əlaqə saxlayıb.

Mətbuat katib hadisəni nə təsdiq, nə də təkzib edib.

Cavid Zeynallı bu barədə şərh verməkdən imtina edib.

Xatırladaq ki, aprelin 4-də “AzDrama”nın Bədii Şuranın iclas zamanı Xalq artisti Əli Nurun digər teatrlardan dəvət olunan rejissor və aktyorlarla bağlı səsləndirdiyi narazılıq mübahisəyə səbəb olub.

O, “AzDrama” səhnəsinə təsadüfi rejissorların gətirilməsinin yolverilməz olduğunu vurğulayıb. Mübahisə qızışıb və iddialara görə, aktyorlardan bir neçəsi Əli Nurun üzərinə hücum edərək ona fiziki təzyiq göstərib.

Hadisənin daha da gərginləşdiyini görən Xalq artisti Sabir Məmmədov və teatrın direktoru İlham Əsgərov müdaxilə edərək dava edənləri iclas otağından çıxarıblar. Mediada yayılan məlumatlara cavab olaraq isə Xalq artisti Əli Nur daha əvvəl insidenti təkzib etmişdi.

O, açıqlamasında, "Teatr rəsmi açıqlama verib, hər şeyi izah edib. Teatrda heç bir davadan söhbət gedə bilməz. Niyə belə qələmə verirlər, bilmirəm. Ağ yalandır. Teatr dava yeri deyil, yaradıcılıq məkanıdır.

Bədii Şuranın iclasında rejissor işi, aktyor oyunu haqqında mübahisə oldu. Yaradıcılıq işində mübahisə həmişə mümkündür.Xahiş edirəm, məni bir də bu məsələ ilə bağlı narahat etməyin. Belə şeyləri şişirtməyin. Teatrımızın uğurları haqqında yazın, biz də oxuyub sevinək", - deyə qeyd etmişdi. 

Əfsanə Rəcəb
“Cebheinfo.az”