Tehranda Azərbaycanın Müstəqillik Günü təntənə ilə qeyd olunub - FOTO

Tehranda Azərbaycanın Müstəqillik Günü təntənə ilə qeyd olunub - FOTO

Azərbaycanın İrandakı səfirliyi tərəfindən 28 May – Müstəqillik Günü münasibətilə Tehranda rəsmi qəbul təşkil olunub.

Səfirlikdən bildirilib ki, tədbirdə İranın yol və şəhərsalma naziri xanım Fərzanə Sadeq, Ərdəbil və Gilan əyalətlərinin valiləri, rəsmi şəxslər, ictimai-siyasi xadimlər, diplomatik korpus nümayəndələri, yüksəkrütbəli hərbçilər və bu ölkədə yaşayan azərbaycanlılar iştirak ediblər.

Azərbaycan və İranın Dövlət himnləri səsləndirildikdən sonra çıxış edən səfir Əli Əlizadə 28 may tarixinin Şərqdə ilk demokratik respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı gün olduğunu bildirib. O, Cümhuriyyətin milli dövlətçilik tariximizdə dərin iz qoyduğunu və müasir müstəqil Azərbaycanın inkişafına zəmin yaratdığını vurğulayıb.

Diplomat bildirib ki, 1991-ci ildə Azərbaycanın müstəqilliyi bərpa edilib, xalqın iradəsi və Ümummilli Lider Heydər Əliyevin qətiyyəti sayəsində ölkə vətəndaş müharibəsi, parçalanma təhlükəsindən xilas olub. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun aparıcı və inkişaf edən dövlətlərindən birinə çevrilib.

“2020-ci ildə torpaqlarımızın işğaldan azad edilməsi, o cümlədən Azərbaycan-İran sərhədinin 132 kilometrlik hissəsinin bərpası ölkə tarixində yeni mərhələnin başlanğıcı olub. Prezident İlham Əliyevin Xudafərin körpüsünə səfəri zamanı bu sərhədi “dostluq və qardaşlıq sərhədi” adlandırması xüsusi önəm daşıyıb.

Səfirliyin 2024-cü ilin iyul ayından fəaliyyətini bərpa etməsi, yüksəksəviyyəli qarşılıqlı səfərlərin, ilk birgə hərbi təlimlərin həyata keçirilməsi və bir sıra mühüm sənədlərin imzalanması isə Azərbaycan-İran münasibətlərinin strateji əsaslar üzərində qurulduğunu göstərib. Prezidentlər səviyyəsində imzalanmış Birgə Bəyanat münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyib”, - deyə o əlavə edib.

İranın yol və şəhərsalma naziri xanım Fərzanə Sadeq çıxışında İranın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən olduğunu vurğulayıb, iki ölkə arasında həyata keçirilən layihələr və əməkdaşlıq perspektivləri barədə danışıb. O, İran Prezidenti Məsud Pezeşkianın bu il Azərbaycana səfərini iki ölkənin münasibətlərinin möhkəmlənməsi baxımından mühüm hadisə kimi dəyərləndirib.

Tədbirdə “8 May – Müstəqillik Gününə həsr olunan qısa film nümayiş etdirilib və xatirə fotoları çəkdirilib.

Tədbir çərçivəsində Azərbaycanın tarixi-mədəni irsini əks etdirən sərgi açılıb. Eyni zamanda, xalq mahnıları və rəqslər ifa olunub, müxtəlif tanıtım videoçarxları təqdim edilib.

"Cebheinfo.az"