Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB

Dövlət İmtahan Mərkəzinin (DİM) sədri təhsil ekspertlərinin imtahan prosesi ilə bağlı tənqidi fikirlərinə münasibət bildirib.
O, ekpertləri qiymətləndirmə prosesində iştiraka dəvət edib:
“Qiymətləndirmə prosesində minlərlə müəllim iştirak edir, hər sualı 2 ekspert, bir yazı işini 20 nəfər yoxlayır. İki müəllimin qiyməti üst-üstə düşməyəndə, yenidən yoxlanılır. Ümumilikdə proses çox mürəkəbdir.
Bununla bağlı mediatur təşkil edəndə, cəmi 2 ekspert gəlmişdi. Mən bilmirəm, onların hansı elmi dərəcəsi var, yaxud hansı ali məktəbi bitiriblər. Ekspertlər də vicdanlı olmalıdır. Bilmirəm onlara ekspert adını kim verib, ümumiyyətlə, hər hansı beynəlxalq layihədə iştirak ediblərmi? Çünki onlar "Facebook"-da məşhurlaşmaq üçün belə çıxışlar edirlər”.
Məsələ ilə bağlı təhsil üzrə ekspert Kamran Əsədov “Cebheinfo.az”-a bildirib ki, DİM-in təşkil etdiyi mediaturda iştirak etməyib:
“Mediatura yox, nələrinsə müzakirəsi üçün dəvət ediblər. “Facebook”-da olmaq ayıbdır ki? Məleykə xanım Abbaszadənin Azərbaycan təhsilindəki rolu danılmazdır. Dövlət İmtahan Mərkəzinin uzun illərdir rəhbəri olan bu şəxs, ölkədə ali məktəblərə qəbul sisteminin mərkəzləşdirilməsi və standartlaşdırılması prosesində mühüm simalardan biri kimi tarixə düşüb.
Bu gün Azərbaycanda yaşı 50-yə qədər olan insanların böyük əksəriyyəti, birbaşa onun rəhbərlik etdiyi qurumun keçirdiyi imtahanlar vasitəsilə ali məktəblərə qəbul olunublar. Bu reallıqdır və bunu inkar etmək qeyri-obyektiv yanaşma olardı. Amma eyni zamanda, dövlət qulluğunda çalışan, cəmiyyət qarşısında məsuliyyət daşıyan bir şəxs olaraq Məleykə xanımın son açıqlamaları- xüsusilə sosial şəbəkələrdə fikir bildirən ekspertləri “qeyri-ciddi” hesab etməsi, onların qəbul ballarını sual altına alması, dövlət qulluqçusunun etik davranış kodeksinə uyğun olmayan və təəssüf doğuran nümunədir.
Azərbaycan Respublikasının “Dövlət qulluğu haqqında” Qanununun 14-cü maddəsində göstərilir ki, dövlət qulluqçusu “etik davranış normalarına riayət etməli, vətəndaşlarla ünsiyyətdə obyektiv və hörmətli olmalıdır”. Bəs bir vətəndaşın fikrini bildirməsi, imtahanların keyfiyyətsizliyinə, apellyasiya problemlərinə və sistematik səhvlərə diqqət çəkməsi bu meyarlara qarşı çıxmaqdırmı? Dövlət İmtahan Mərkəzi istənilən vətəndaş üçün şəffaf və məsuliyyətli xidmət göstərməlidir. Əgər bir şagird 150 balla qəbul olunursa, bu onun günahı deyil, müsabiqə şərtlərinin və plan yerlərinin sistem tərəfindən müəyyən olunmasının nəticəsidir. Məhz bu səbəbdən belə vətəndaşların — təhsil alanların, müəllimlərin, valideynlərin — öz fikrini bildirməsi, sistemdəki boşluqlara işarə etməsi nə etik pozuntu, nə də hörmətsizlikdir. Əksinə, bu vətəndaş cəmiyyətinin sağlam inkişaf əlamətidir”.
Ekspert deyib ki, əgər Dövlət İmtahan Mərkəzi öz fəaliyyətini ədalətli və şəffaf sayırsa, onda ictimai rəy və tənqidlərə açıq olmalıdır:
“Mərkəzin 2025-ci ildə 2000-dən çox imtahan nəticəsinin yanlış yoxlanıldığını etiraf etməsi, apellyasiya prosesində şikayətçinin dinlənilməməsi, cavab hüququnun faktiki olaraq məhdudlaşdırılması, sistemdə struktur problemlərin olduğuna işarədir. Bunu təkcə texniki problem kimi təqdim etmək məsuliyyətdən yayınmaqdır. Bu səhvlər konkret şagirdin psixoloji durumuna, gələcəyinə, təhsil perspektivlərinə birbaşa zərbə vurur.
Təhsil ekspertlərini qəbul ballarına görə təhqir etmək, onların fikirlərini lağ obyektinə çevirmək nə akademik, nə də hüquqi baxımdan əsaslandırıla bilər. Azərbaycan Respublikası Konstitusiyasının 47-ci maddəsinə əsasən, hər bir vətəndaş fikir, söz və ifadə azadlığına malikdir. İctimai müzakirələrdə iştirak edən şəxsləri “ekspert deyilsiniz” deyə susdurmaq cəhdləri demokratiyaya, ifadə azadlığına və vətəndaş iştirakına ziddir.
Əgər fikir yalnız Harvard məqaləsi ilə deyil, sadə “Facebook” paylaşımı ilə də səsləndirilirsə, bu da həmin şəxsin Konstitusion hüququdur. Məleykə xanımın fikirləri “ekspert adını kim verir?” sualına gətirib çıxarır. Dövlətin təyin etdiyi və ya hər hansı qurumun qeydiyyata aldığı şəxs olmaqla ekspertlik qazanılmır.
Ekspertlik təcrübə, tədqiqat, mövqeyə təsir, məlumatlılıq və ictimai etimadla qazanılır. Əgər bir şəxs həm müəllim kimi imtahan sistemini yaşamış, həm magistr, həm də doktorantura pilləsində DİM-in imtahanlarından keçmiş, elmi məqalələri, beynəlxalq çıxışları ilə cəmiyyətə təsir göstərirsə-bu şəxsi “ekspert deyil” adlandırmaq, sadəcə, şəxsi eqonun və tənqidə qarşı dözümsüzlüyün göstəricisidir”.
Ekspertin sözlərinə görə, əgər Dövlət İmtahan Mərkəzi ictimai müzakirələrdən narahatdırsa, bu narahatlıq institutlaşmış şəffaflıq mexanizmləri ilə həll olunmalıdır:
“İllik hesabatlar, ictimai dinləmələr, apelyasiya qərarlarının əsaslandırılması, sual bazalarının açıq nümayişi kimi vasitələrlə etimad bərpa oluna bilər. Əks halda, tənqidçiləri “danışma, sən kimsən?” ritorikası ilə susdurmaq cəhdi yalnız etimadı daha da sarsıdacaq.
Nəhayət, təhsildə sağlam müzakirə mühiti yaratmaq üçün qurum rəhbərləri ilk növbədə öz fikirlərinə məsuliyyətli yanaşmalı, vətəndaşlarla ünsiyyətdə dözümlü, peşəkar və hüquqa əsaslanan münasibət göstərməlidirlər. Əgər biz təhsil ekspertlərinin səsini boğmağa çalışırıqsa, deməli, səsimizdən qorxuruq. Amma real inkişaf yalnız sağlam tənqid, açıq müzakirə və islahatlara açıq yanaşma ilə mümkündür. Dövlət İmtahan Mərkəzi cəmiyyətin bir hissəsidir, cəmiyyətə qarşı deyil. Bu unudulmamalıdır”.
Təhsil üzrə ekspert Elşən Qafarov isə bildirib ki, DİM sədri Məleykə Abbaszadə təhsil ekspertlərini necə istəsə adlandıra bilər:
“Ancaq reallıq ondan ibarətdir ki, bu gün Dövlət İmtahan Mərkəzi Azərbaycan gəncinin peşə seçiminə və peşəsi üzrə təhsil almasına böyük “Çin səddi”dir. Dünyanın ikinci elə bir təcrübəsi yoxdur ki, qrup üzrə imtahanlar keçirilsin.
Biz illərdir isxtisas üzrə imtahanların keçirilməsini təklif edirik. O ki qaldı dəvətə, 3 il bundan öncə bir dəfə dəvət edilmişəm və onda da iştirak etmişəm. Məni dəvət etməyiblər, mən də iştirak etməmişəm. Mən bilmirəm Məleykə xanım kimləri deyir.
Bu gün təhsil eksperti adlı vəzifə yoxdur, bu statusdur. DİM-in fəaliyyəti ilə bağlı ardıcıl olaraq yazılar, məqalələr və müsahibələr verən bir mütəxəssis olaraq mən DİM-in tədbirlərinə dəvət olunmamışam.
Ona görə də bu fikri ciddi qəbul eləmirəm ki, ekspertlər gəlməyib, yaxud da “Facebook” ekspertləridir. Nə vaxt dəvət etdilər, biz iştirak etmədik? Yaxud da nə vaxt bizim təkliflərimizi dəyərləndirdilər? Bir fikir söyləyən kimi DİM deyir ki, bir elmi əsər yazılsın, əsaslandırın.
Buna xüsusi bir izah, araşdırma lazım deyil. DİM dünyada ikinci bir təcrübə göstərsin ki, qrup imtahanlarını bu şəkildə keçirirlər. İstənilən abituriyenti danışdıranda deyir ki, mən I, II, III qrupa gedirəm. Bu gün Azərbaycan gənci dilinə gətirə bilmir ki, hansı peşə sahibi olacaq.
Həkimliyə sənəd verən müəllimliyə, mühəndisliyə sənəd verən müəllimliyə, müəllimliyə sənəd verən mühəndisliyə düşür. Bu mexanizm illərdir ki, dəyişilmir. Ümumtəhsil məktəblərində tədris ili iyunun 14-də başa çatır.
Tədris ilinin başa çatmasına 12-14 həftə qalmış imtahanlar keçirilir. İmtahan keçirildikdən 6 həftə sonra imtahanın nəticələri elan olunur. Bəlkə bundan danışsınlar?! DİM kimi dəvət edibsə, onlar gəlməyiblər. Şəxsən məni heç kim dəvət etməyib. Mən illərdir ki, DİM-lə bağlı təkliflər verirəm. Bir dəfə də olsun dəyirmi masa keçirib dəvət eləməyiblər ki, bu barədə fikirlər söyləyirsiz. Bunun əsaslandırmasını verin”.
Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu bildirib ki, DİM onu dəvət etsə, monitorinqlərə, mediaturlara sevə-sevə qatılar:
“Bilmədiklərimi də öyrənərəm. Ümumiyyətlə, təhsil eksperti ilə bağlı məsələyə gəldikdə, bununla bağlı ölkədə sertifikasiya keçirilsə, şəxsən mən orada iştirak edərəm. Təhsil ekspertləri, istisnaları çıxmaq şərti ilə əslində təhsilə kömək edirlər. Şəxsən mən abituriyentlərə nə qədər kömək etmişəm. İstər düzgün ixtisas, istərsə də qrup seçimi olsun.
Yaxud bəzi abituriyentlər qeydiyyatdan keçməyi bacarmırlar. Təbii ki, DİM sədrinin də haqlı olduğu cəhətlər çoxdur. O sahəni bilməyən şəxslər o sahədə “at oynatmamalıdır”. Mən ixtisasca jurnalistikanı qurtarmışam, təhsillə bağlı mətbuatda yazılarım olub. Mən bir jurnalist kimi məsələyə töhfə verməyə çalışıram. Sahəni bilən şəxsə ekspert deyirlər. Mən DİM-in bütün tədbirlərində iştirak etməyə hazıram. Yaxşı olar ki, bu təbirlərə bizi dəvət etsinlər”.
Təhsil üzrə ekspert Elmin Nuri isə bildrib ki, DİM sədri Məleykə xanım Abbaszadənin bəzi "təhsil ekspertləri" ilə bağlı dedikləri ilə ikiəlli razılaşmaq lazımdır:
“Təsəvvür edin, ixtisas seçimi başda olmaqla, digər təhsil xidmətləri üzərindən işini görən, məqsədi yalnız pul qazanmaq olan həmin şəxslər özlərini artıq sosial şəbəkə və bəzən də media üzərindən "ekspert" kimi də sırıyırlar.
Çünki onlara "sezon" yaxınlaşdıqca, daha böyük auditoriya lazımdır. Belələri daha çox "TikTok" və "Instagram" üzərindən hərəkət edirlər. Bəzən qrup halında, bəzən də fərdi şəkildə abituriyentlər, onların valideynləri üzərindən psixoloji manipulyasiyalar aparırlar. Xahiş edirəm, məhz belə insanlara qarşı xüsusi diqqətli olaq. Mən DİM-in dəvət etdiyi bəzi təbirlərdə, mediaturda iştirak etmişəm”.
Nigar Abdullayeva
“Cebheinfo.az”