Azərbaycana qarşı BMT-dəki kampaniyaya CAVAB

Birləşmiş Millət Təşkilatında (BMT) Azərbaycana qarşı kampaniya başladılıb.
Belə ki, erməni lobbisi və onun təsiri altında olan bəzi beynəlxalq QHT-lər BMT İnsan Hüquqları Şurasının “Dağlıq Qarabağ üzrə Xüsusi Məruzəçi” mandatının təsis olunması üçün növbəti kampaniyaya başlayıb.
Anti-Azərbaycan mövqeyi ilə seçilən və BMT-nin İqtisadi və Sosial Şurasında (ECOSOC) asossativ üzv olan “Christian Solidarity International” təşkilatı xüsusi canfəşanlıq göstərir.
Böyük Azərbaycan Partiyasının sədri, Milli Məclisin deputatı Elşad Musayev “Cebheinfo.az”-a açıqlamasında deyib ki, belə bir mandat təsis oluna bilməz:
“BMT-də belə bir mandatın təsis olunması mümkün deyil. Amma lap təsis olunsa belə, heç bir effekt verməyəcək. Ermənilər Qarabağ məsələsinin artıq bitdiyini başa düşməlidirlər. Erməni lobbisi və onların arxasında dayananlar artıq əvvəlki dövrün olmadığını bilməlidirlər. İndiki dövrdə hay-küylə, ağlaşma ritualları ilə dünyanı yalançı “soyqırım” mifi ətrafında türk dünyasına qarşı qaldırmaq mərhələsi arxada qalıb.
Ermənistan dövlətini yaradanlar belə ermənilərin gözyaşına inanmırlar. Ermənilər bu bölgədə rahat yaşamaq istəyirlərsə, real vəziyyəti düzgün qiymətləndirməlidirlər. Azərbaycan və Türkiyə ilə dinc əlaqə yaratmaq məcburiyyətindədirlər. Bunu nisbətən anlayan isə Baş nazir Nikol Paşinyandır. Qalanları Ermənistan dövlətini uçuruma aparırlar”.
Millət vəkili qeyd edib ki, artıq yeni dünya nizamı qurulur:
“BMT-nin özü də artıq müasir tələblərə cavab vermir. Hətta 30 il ərzində BMT-nin 4 qətnaməsini Ermənistan kimi cırtdan dövlət icra etmədi. Ona görə də ermənilərin belə iyrənc əməlləri nəticə verməyəcək. Artıq dünyada beynəlxalq hüquq deyil, beynəlxalq güc işləyir.
Onların ən yaxşı yolu Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməkdir. Ermənistan əvvəlki məkrli və hiyləgər siyasətindən əl çəkməlidir. Əks təqdirdə, yaranacaq hansısa gərginlik Ermənistanın dövlətçiliyini itirməsinə səbəb ola bilər”.
Elmir Mustafa
“Cebheinfo.az”