Xankəndidə Zirvə görüşü: Azərbaycanın qələbəsinin rəmzi kimi tarixə yazıldı

"4 iyul 2025-ci ildə qədim Azərbaycan torpağı olan Xankəndi şəhəri mühüm və tarixi bir hadisəyə ev sahibliyi etdi".
Bu sözləri Milli Məclisin deputatı Günay Ağamalı "Cebheinfo.az"-a açıqlamasında deyib.
O, İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsinin əhəmiyyətindən danışıb:
"Bu Zirvənin Qarabağın ürəyində keçirilməsi Azərbaycanın siyasi və diplomatik qələbəsinin rəsmi təntənəsi, bölgədə sabitliyin, inkişafın və tərəqqinin rəmzidir. Bu möhtəşəm tədbir ölkəmizin regional liderliyinin və beynəlxalq nüfuzunun daha bir parlaq təzahürüdür.
Cənab Prezident İlham Əliyevin Zirvə görüşündəki çıxışı tarixi ədalətin, dövlət iradəsinin və strateji baxışın ali tribunadan dünyaya çatdırılması idi.
Ölkə başçısının sözlərində regionun iqtisadi gələcəyi, eyni zamanda Ermənistanın işğalçılıq siyasətinin ifşası və bu günə qədər törədilmiş cinayətlərə qarşı beynəlxalq ictimaiyyətin mövqeyinə ünvanlanan haqlı çağırışlar yer alırdı".
Millət vəkili vurğulayıb ki, dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri, işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işlərinin miqyası oldu:
"Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Böyük Qayıdış” proqramı nəticəsində artıq on minlərlə insan doğma yurduna qayıdaraq orada yaşayır, işləyir və təhsil alır.
Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzində təşkil olunmuş Zirvə görüşü Azərbaycan dövlətinin azad edilmiş torpaqlarda qurduğu yeni həyatın ən gözəl sübutudur.
Cənab Prezident İlham Əliyev işğal zamanı Ermənistanın törətdiyi vəhşiliklərə, məscidlərin, qəbiristanlıqların və mədəni irs nümunələrinin məhv edilməsinə dair dəqiq və faktlara əsaslanan məlumatlar paylaşaraq, 150 milyard ABŞ dolları həcmində vurulmuş ziyanın beynəlxalq səviyyədə tanınması istiqamətində işlərin davam etdirildiyini bildirdi. Bu, Azərbaycanın haqq mübarizəsinin və beynəlxalq hüququn bərpası yolunda atılmış mühüm addımdır".
Həmsöhbətimiz qeyd edib ki, İlham Əliyevin Zirvə görüşündə səsləndirdiyi ən mühüm məqamlardan biri də Qərbi azərbaycanlıların öz tarixi torpaqlarına sülh yolu ilə qayıdış hüququ ilə bağlı idi:
"Ölkə başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının İstanbulda qəbul etdiyi yekdil qətnaməyə verdiyi yüksək dəyər, Azərbaycanın bu məsələni təkcə milli kontekstdə deyil, beynəlxalq hüquq çərçivəsində necə strateji şəkildə irəli apardığını göstərdi.
Eyni zamanda, möhtərəm cənab Prezidentin ECO ilə bağlı səsləndirdiyi fikirlər təşkilat çərçivəsində iqtisadi, enerji, nəqliyyat və iqlim dəyişikliyi sahələrində əməkdaşlığın dərinləşdirilməsi baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanın təşəbbüsü ilə təşkil olunan ECO Həftəsi çərçivəsində Şuşada Biznes Forumu, Ağdamda Gənclər Forumu və Laçında Qadınlar Forumu keçirilməsi, bu torpaqların yalnız döyüş meydanında deyil, eyni zamanda inkişaf və inteqrasiya platformasında uğurla yer aldığını bir daha göstərir".
Günay Ağamalı diqqətə çatdırıb ki, Azərbaycanın bu gün enerji ixracatı, nəqliyyat dəhlizləri və sərmayə iqlimi baxımından dünya miqyasında ön sırada olması, cənab Prezidentin apardığı iqtisadi siyasətin və dövlət idarəçiliyinin effektivliyinin nəticəsidir:
"350 milyard dollardan çox sərmayə yatırılmış bir ölkə olaraq, Azərbaycan artıq regionda sabitlik və rifahın aparıcı qüvvəsinə çevrilmişdir.
Nəticə etibarilə, Xankəndidə keçirilmiş bu Zirvə görüşü diplomatik və iqtisadi əməkdaşlıq baxımından və geosiyasi, mənəvi baxımdan tarixi bir dönüş nöqtəsidir.
Azərbaycan bu gün işğaldan azad olunmuş torpaqlarında beynəlxalq tədbirlər keçirir, öz sözünü deyir və sülh, inkişaf ədalət üzərində reallıqlar yaradır".
Elmir Mustafa
"Cebheinfo.az"