Naxçıvanda barama istehsalı 17 % artıb

Bu il Naxçıvan Muxtar Respublikasında 1 757 kiloqram yaş barama istehsal edilib ki, bu da ötən illə müqayisədə 17% çoxdur.
"Report"un yerli bürosunun məlumatına görə, barama Naxçıvan şəhəri ilə yanaşı, Şərur, Babək, Ordubad, Culfa, Kəngərli və Sədərək rayonlarında istehsal edilib.
Bu bölgələrdə ümumilikdə 14 kümçüyə 40 qutu ipəkqurdu toxumu paylanıb. Babək rayonu üzrə 633,5 kq, Sədərək rayonu üzrə 436,2 kq, Culfa rayonu üzrə 226 kq, Şərur rayonu üzrə 207,3 kq, Ordubad rayonu üzrə 118,8 kq, Naxçıvan şəhəri üzrə 75,2 kq, Kəngərli rayonu üzrə isə 60 kq yaş barama tədarük olunub.
Ən yüksək məhsuldarlıq Sədərəkdə qeydə alınıb. Bu rayonda barama istehsalına bu il başlanılıb.
Baramaçılığın inkişafı “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində prioritet istiqamət kimi müəyyən olunub. Bu məqsədlə pilot layihə hazırlanıb və baramaçılıqda yem bazasının formalaşdırılması üçün muxtar respublikanın bütün bölgələrində yeni tut bağları salınıb.
Naxçıvanda baramaçılıq fəaliyyəti 35 illik fasilədən sonra ötən il bərpa olunub. 30 qutu ipəkqurdu toxumu əsasında 1 119 kq yaş barama istehsal edilib və məhsul Bərdə rayonundakı baramaqurutma məntəqəsinə təhvil verilib.
Kümçülərə dövlət tərəfindən subsidiyalar, həmçinin baramanı qəbul edən şirkətdən ödənişlər vaxtında təmin olunub.
Ötən ilin nəticələrinə görə, Zərdab rayonundan sonra ölkə üzrə ikinci ən yüksək orta məhsuldarlıq göstəricisi məhz muxtar respublikada qeydə alınıb.
"Cebheinfo.az"