Hindli general: “Türkiyəni düşmən hesab edirik”

Hindistan Ordu Qərargahının müavini general-leytenant Rahul R Sinq, Pakistanla baş vermiş müharibədən sonra diqqətçəkən açıqlamalar verib.
"Cebheinfo.az" xəbər verir ki, Sinq, yalnız Pakistanla deyil, daha iki ölkə ilə də mübarizə apardıqlarını bildirib. Bu “düşmənlər”dən birinin Türkiyə olduğunu söyləyib.
"Yeni nəsil hərbi texnologiyalar" tədbirində danışan Sinq, bu münaqişənin yalnız Pakistanla deyil, eyni zamanda Çin və Türkiyə ilə dolaylı qarşıdurma xarakteri daşıdığını söyləyib.
Pakistanla vuruşduqları zaman Çin silahlarına qarşı mübarizə apardıqlarını bildirən general, bu qarşıdurmanın Çin üçün silahlarını sınaqdan keçirmək baxımından əlverişli bir fürsət olduğunu bildirib. Sonra Türkiyə məsələsinə toxunan Sinq, Türkiyənin Pakistana dəstək verməkdə mühüm rol oynadığını bildirib.
Döyüş zamanı çoxlu sayda havaya qalxıb enən “Bayraktar TB2”-lərin şahid olduqlarını deyən Sinq, bir çox insanın niyə atəşkəs istədiyini anlamağa çalışdığını bildirib.
Müharibəni başlamağın asan, amma idarə etməyin çətin olduğunu vurğulayan general, "Bu səbəblə müharibəni məharətli bir addımla uyğun zamanda dayandırdıq", - deyə açıqlama verib.
Nigar Hacılı
"Cebheinfo.az"