Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır?

Pezeşkianın Xankəndi səfəri: Zəngəzur dəhlizi açılır?

"İranın Prezidenti Məsud Pezeşkianın qısa dönəmdə Azərbaycana ikinci dəfə rəsmi səfər etməsi ikitərəfli əlaqələrin inkişafında mühüm hadisədir”.

Bu sözləri politoloq Yusif Bağırzadə "Cebheinfo.az"-a açıqlamasında deyib. 

O bildirib ki, Pezeşkianın İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndi şəhərində keçirilən 17-ci Zirvə görüşünə qatılması böyük əhəmiyyət kəsb edir:

"Onun Zirvə görüşü çərçivəsində Azərbaycanın və dünyanın mədəniyyət mərkəzi olan Qarabağa səfər etməsi, Xankəndi şəhərində çıxış etməsi Bakı-Tehran münasibətlərində yeni bir səhifənin açılmasından xəbər verir.

Səfər çərçivəsində Məsud Pezeşkianın Prezident İlham Əliyev ilə səmimi görüşü və liderlərin Azərbaycan dilində danışması da diqqət çəkdi. 
Cənab Prezident İlham Əliyev işğaldan azad olunmuş Azərbaycan torpaqları haqqında iranlı həmkarına geniş məlumat verdi.

Dövlətimizin başçısı Azərbaycan məscidlərini və mədəni irsinin barbar ermənilər tərəfindən necə dağıdıldığını İran liderinin diqqətinə çatdırdı. Bunların özü də çox ciddi mesajdır".

Ekspert qeyd edib ki, İranda Pezeşkianın Azərbaycana münasibətinə birmənalı yanaşmayan bəzi qüvvələr var:

"Ancaq bu, o demək deyil ki, İranda Azərbaycanla münasibətləri istəməyən qüvvələr yoxdur. Orada bunun da tərəfdarı olan kifayət qədər qüvvələr var. Bu səfərdən sonra isə digərlərində də yeni fikir formalaşa bilər. 

Hesab edirəm ki, Pezeşkianın sözügedən səfəri İranla Azərbaycan münasibətlərinin yeni səhifəsinin açılmasının və Tehrandakı siyasi dairələrinin ölkəmizə qarşı münasibətinin müsbətə doğru dəyişməsinə rəvac verəcək. 

İranda hazıra hakimiyyət böhranı olduğu üçün qonşu dövlətlərlə münasibətlərdə yekdil fikir yoxdur. Ancaq Pezeşkianın Azərbaycan lideri ilə səmimi görüşləri İran mətbuatında və siyasi dairələrində müsbət bir rezonans doğurub".

Politoloq vurğulayıb ki, Məsud Pezeşkianın Azərbaycanla münasibətlərə diqqətlə yanaşması və önəm verməsi İran daxilindəki qüvvələrə kifayət qədər böyük siqnaldır:

"İnanıram ki, İranın siyasi hakimiyyəti bundan sonra Azərbaycanla münasibətlərə müsbət yanaşacaq. Hətta bu proseslər fonunda rəsmi Tehranın Zəngəzur dəhlizi ilə bağlı da mövqeyi dəyişə bilər".

Elmir Mustafa
"Cebheinfo.az"