Rəfail Becanov: ““Rusiyanın hərəkəti qəddarlıq və “NKVD”çilikdir””

Rəfail Becanov: ““Rusiyanın hərəkəti qəddarlıq və “NKVD”çilikdir””

"Yekaterinburq şəhərində yaşayan azərbaycanlılarla bağlı baş verənlər cinayətkar axtarmaq, hansısa qətl işinin araşdırılması yox, Rusiya dövləti tərəfindən təşkil olunan və həyata keçirilən şovinizm, qətliam hadisəsidir. 

Bir ailənin 2 üzvünü qəddarcasına öldürmək, digərlərin həbs etmək, zülm vermək, aşağılamaq siyasi aqoniyadan doğan aqressiya və milli ayrı-seçkilikdir. Bu qəddarlıq “NKVD”çilikdir. Bunu ancaq Stalin repressiyaları ilə müqayisə etmək olar". 

Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" Xəbər Portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 

O bildirib ki, baş verənlər beynəlxalq hüququn, insan haqlarının ayaqları altına atılmasıdır:

"Təbii ki, Rusiyadan insan hüquq və azadlıqlarına hörmət gözləmək özü absurddur. Amma yenə də dövlət adına bəzən umursan.Hesab edirəm ki, bu, birinci olmadığı kimi, sonuncu da deyil. Dövlət səviyyəsində solovyovçuluq, zatulinçilik, tolstoyçuluqdur. Hakimiyyətin ən yüksək dairəsində hazırlanmış siyasətin tərkib hissəsidir. 

Düşünürəm ki, Kreml səviyyəsində bu məsələ müzakirə olunub və qərar birbaşa orada verilib.  Bu qəddarlığın həyata keçirilməsi üçün Yekaterinburq seçilməsi də təsadüfi deyil. Sverdlovsk vilayəti azərbaycanlıların ən kompakt məskunlaşdığı federal subyektlərdən biridir.

Moskva, Sankt-Peterburq da seçilə bilərdi. Lakin səs-küyün daha da böyük olacağını düşünüb, Yekaterinburq qərarı verilib. Azərbaycanla Rusiya arasında müttəfiqlik sazişi var. Putin buna icazə verməməli və münasibətlərə bu şəkildə zərbə vurmamalıydı. Rusiyanın Azərbaycana qarşı etdiklərini biz heç vaxt unuda bilmərik. 

20 yanvardan Xocalıya qədər bütün bəlalarımızın kökündə Rusiya amili var. Məgər 30 il bizim torpaqları Ermənistan təkbaşına işğal etmişdi? 

Rusiyanın açıq və gizli dəstəyi, hərbi müdaxiləsi ilə bizim torpaqlar işğal edilmişdi. Rusiya dost olmağı bacarmır. Onun düşüncəsi imperiya düşüncəsidir. Azərbaycanın müstəqil siyasət aparması, öz dövlət maraqlarını daim üstün tutması onları qane etmir. Buna görə də bu formada təzyiq edirlər. Əvvəllər planlarını Ermənistan üzərindən həyata keçirirdilər”. 

O bildirib ki, 2020-ci ildən sonra bu rıçaqları əlllərindən çıxıb:

“Ona görə də artıq açıq oynayırlar.Televiziya kanalları, Duma üzvləri səviyyəsində anti-Azərbaycan təbliğatı bir an da səngimir. Bütün bunlar onu göstərir ki, bu, Rusiyanın dövlət siyasətidir və Putunun nəzarəti ilə icra olunur. Rusiya Azərbaycandan beynəlxalq hüquqazidd tələblərinə, hərəkətlərinə dəstək ala bilmir. 

Rusiyaya stalizim qayıdıb. Xalqlara qarşı düşmənçilik, irqçilik siyasəti aparılır. Miqrasiya, qanunun qorunması adı altında deportasiyaya hazırlaşırlar. Təbii ki, bunun alt məqsədi həmin xalqların dövlətlərini fakt qarşısında qoymaq və öz siyasətlərinin tərkib hissəsinə çevrimək istəyirlər".

“Cebheinfo.az”