“Sputnik Azərbaycan”da FTX əməkdaşları: “Ciddi suallar doğurur”- DEPUTAT

Bu gün Daxili İşlər Nazirliyi Rusiyanın “Rossiya Seqodnya” agentliyinin Bakıdakı filialı olan “Sputnik Azərbaycan”ın ofisində əməliyyat keçirib.
Əməliyyat nəticəsində agentlikdə çalışan və Rusiya Federal Təhlükəsizlik Xidmətinə (FTX) bağlı iki əməkdaşın saxlanıldığı bildirilir.
Qeyd edək ki, hələ bu ilin fevralında “Sputnik Azərbaycan”-ın fəaliyyətinin məhdudlaşdırılması barədə qərar qəbul edilmişdi.
Məsələ ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Ceyhun Məmmədov bildirib ki, bir müddətdir agentliyin bağlanması ilə bağlı qərar verilib:
"Bir müddət əvvəl belə bir qərar qəbul edilmişdi. “Sputnik Azərbaycan”-ın ölkəmizdəki filialı bağlanmalı və fəaliyyəti dayandırılmalı idi. Bu qərarın qəbul edilməsinə baxmayaraq, bu gün baş verənlər göstərdi ki, Azərbaycan dövlətinin qərarına əməl olunmayıb. Agentlik bu günə qədər əvvəlki qaydada fəaliyyətini davam etdirib. Bu isə birmənalı şəkildə qanun pozuntusudur".
Millət vəkili vurğulayıb ki, əlaqədar dövlət strukturlarının bu istiqamətdə atdığı addım tamamilə qanunlara uyğundur:
"Burada söhbət dövlət mediasının xaricdə və xarici media nümayəndələrinin Azərbaycandakı fəaliyyətində paritetin təmin olunmasından gedir. Lakin bu paritet təmin edilməyib və “Sputnik Azərbaycan” əvvəlki formada fəaliyyətini sürdürüb.
Bu prosesin ikitərəfli münasibətlərə necə təsir edəcəyi məsələsinə gəlincə, burada əsas məqam ondan ibarətdir ki, Azərbaycan qanunlara uyğun şəkildə addım atır. Rusiyanın Federal Təhlükəsizlik Xidmətinə bağlı əməkdaşların bu media qurumunda çalışması da ciddi suallar doğurur və Azərbaycan tərəfinin bu fonda atdığı addım tamamilə hüquqi çərçivədədir.
Hesab edirəm ki, kimliyindən asılı olmayaraq, hər kəs Azərbaycan qanunlarına əməl etməlidir. Qanunları pozan şəxslər isə birmənalı olaraq məsuliyyətə cəlb olunmalı və cəzalandırılmalıdır. Heç kimə Azərbaycan qanunlarını pozmaq və yaxud pozulmasına şərait yaratmaq səlahiyyəti verilməyib".
Səbinə Uğur
"Cebheinfo.az"