Telefon və kompüterlərin içindən qızıl ÇIXARILACAQ

Telefon və kompüterlərin içindən qızıl ÇIXARILACAQ

Hər il milyonlarla ton elektron tullantı – köhnə telefonlar, kompüterlər, digər cihazlar sadəcə zibilə atılır və bununla yanaşı, içərisindəki qızıl, gümüş, mis kimi qiymətli metallar da itir. 

"Cebheinfo.az" xəbər verir ki, alimlər bu cihazlardan qızılı ətraf mühitə zərər vermədən çıxarmağın yeni, daha təmiz və səmərəli yolunu tapıblar. 

"Nature Sustainability" jurnalında yayımlanan yeni araşdırma göstərir ki, bu üsul həm zəhərli kimyəvi maddələrdən istifadəni azaldır, həm də elektron tullantıların təkrar emalında davamlılığı artırır. 

Qeyd edək ki, 2022-ci ildə dünyada 62 milyon ton elektron tullantı yaranıb. Bu, təxminən 1.5 milyon zibil maşını deməkdir. Amma bu tullantının cəmi dörddə biri, yəni 25%-i düzgün şəkildə emal olunur. 

Mütəxəssislər hesab edirlər ki, 2030-cu ilə qədər elektron tullantıların miqdarı 82 milyon tona çata bilər. Bu isə həm təbiət, həm də iqtisadiyyat üçün ciddi təhlükə yaradır. 

Qızıl hasilatı dedikdə çoxlarının ağlına dərhal sianid və civə gəlir. İri mədənlərdə sianid torpağa və sulara yayılır, kiçikmiqyaslı qızıl çıxarma işlərində isə civə istifadə olunur ki, bu da həm sağlamlıq, həm də ekosistem üçün ciddi fəsadlar doğurur. Üstəlik, dünyadakı ən böyük civə çirkliliyi məhz bu sahədən qaynaqlanır. 

Alimlər bu zəhərli maddələrin əvəzinə, əsasən su təmizləmə sistemlərində istifadə olunan trixloroizosianid turşusundan istifadə etməklə qızılı daha təhlükəsiz şəkildə ayırmağı bacarıblar. Bu maddə duzlu su ilə qarışdıqda qızılı həlledici hala gətirir. 

Sonra isə işə xüsusi hazırlanmış kükürd əsaslı polimer qarışır. Bu polimer yalnız qızılı “seçir”, başqa metallarla qarışmasına imkan vermir Yeni üsul artıq həm filiz nümunələrində, həm də köhnə kompüterlərin içindəki dövrə kartlarında sınaqdan keçirilib və uğurlu nəticə verib. 

İndi isə məqsəd bu texnologiyanı kiçikmiqyaslı qızıl hasilatında da tətbiq etməkdir. Beləcə, həm təbiətə zərər vermədən qızılı geri qaytarmaq, həm də zibilə atılan cihazları dəyərli bir resursa çevirmək mümkün olacaq. 

Səbinə Uğur 
"Cebheinfo.az"