“Azərbaycan kinooperatorları” kitabı nəşr olunub

Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyi ilə “Azərbaycan kinooperatorları” kitabı nəşr olunub.
Bu barədə İttifaqdan məlumat verilib.
Bildirilib ki, Əməkdar incəsənət xadimi Rafael Qəmbərovun yazdığı kitabda kinooperatorların dünyanı necə fəth etməsi, peşə zövqünün çalarları, rejissor işi, operator işi, yazıçı təxəyyülü və hər üçünün birgə əməkdaşlığından, Əlisəttar Atakişiyev, Teyyub Axundov, Xan Babayev və digər kinooperatorların dəst-xətindən bəhs edilib.
Dərs vəsaiti üçün nəzərdə tutulmuş kitabın çap olunmasının əsas məqsədi, ustad kinematoqrafçıların kinoda qazanıb miras qoyduqları təcrübədən yararlanmaq və eyni zamanda, görkəmli kinooperatorların, rejissorların, rəssamların, aktyorların və bəstəkarların özünəməxsus kino dəst-xətini öyrənməkdən ibarətdir. Kitabda ümumi məlumatlarla yanaşı, kino təsvirinin tədqiqatına da geniş yer ayrılıb.
“Azərbaycan kinooperatorları” monoqrafiyası 16 bədii, 30-dan çox sənədli filmlər çəkmiş, yüksək kateqoriyalı kinooperator Rafael Qəmbərov tərəfindən, eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Operator fakültəsinin IV kurs tələbələri tərəfindən tərtib olunub.
Kitabın müəllifi və tərtib edəni Rafael Qəmbərov, redaktoru Əməkdar incəsənət xadimi, tənqidçi İntiqam Qasımzadə, rəyçilər – Əməkdar incəsənət xadimi, rejissor Hüseyn Mehdiyev, Əməkdar incəsənət xadimi, operator Rafiq Quliyevdir. Kitabda peşəkar mütəxəssislərlə yanaşı, gənc kinematoqrafçılar – Məmməd Əmin Əlizadə, Sadiq Əliverdibəyli, Babək Abbaszadə, Samir Əliyev, İsmayıl Cəfərov və Adil Məmmədovun da məqalələri yer alıb.
Kitab Azərbaycanın görkəmli kinematoqrafçılarının xatirəsinə həsr olunub.
"Cebheinfo.az"