Rusiya İstintaq Komitəsindən məlum hadisə ilə bağlı açıqlama

Rusiyanın Yekaterinburq şəhərində hüquq-mühafizə orqanları tərəfindən saxlanılan azərbaycanlılarla bağlı başladılan cinayət işi Rusiya İstintaq Komitəsinin mərkəzi aparatına veriləcək.
“Qafqazinfo” “RBC” portalına istinadən xəbər verir ki, bu barədə Rusiyanın İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin göstəriş verib.
Xatırladaq ki, iyunun 27-də səhər saatlarında Yekaterinburqda azərbaycanlıların yaşadığı 10-dan çox mənzildə əməliyyat keçirilib. Əslən Ağdamdan olan Səfərovlar ailəsinin əksər üzvləri tutulub. Əməliyyat zamanı iki qardaş - Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb, xeyli azərbaycanlı saxlanılıb. Bir neçə nəfər xəstəxanaya yerləşdirilib.
Bildirilib ki, həmin şəxslər 2001, 2010 və 2011-ci illərdə törədilmiş cinayət əməllərində şübhəli bilinirlər. Bunlar arasında 2001-ci ildə azərbaycanlı Yunis Paşayevin qətlə yetirilməsi, 2010-cu ildə sahibkar Fəhruz Şirinova qarşı sui-qəsdə cəhd, eləcə də 2011-ci ildə nəhəng tərəvəz anbarının sahibi, Azərbaycan vətəndaşı İkram Hacıyevin qətlə yetirilməsi işləri var.
Məsələ ilə bağlı Rusiya Cinayət Məcəlləsinin bir sıra maddələri (bir qrup şəxs tərəfindən qabaqcadan əlbir olaraq törədilmiş qətl, muzdla qətl, muzdla qətlə törətməyə cəhd) üzrə cinayət işi başladılıb.
Dünən Yekaterinburqun Lenin Rayon Məhkəməsi sözügedən cinayət işi çərçivəsində Məhazir, Akif və Ayaz Səfərov barəsində həbs qətimkan qərarı çıxarıb. Əhliman Gənciyev, Şahin Lalyev və Bakir Səfərovun isə saxlanma müddəti 72 saat uzadılıb.
"Cebheinfo.az"