Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyi fermerlərə müraciət edib - FOTOLAR

Torpaqların aqrokimyəvi analizlərinin aparılmasına dair reqlamentə əsasən, artıq bir torpaq sənədi üzrə 3 hektar və daha çox torpaq ərazisi bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizinə cəlb olunurlar.

Bir torpaq sənədi üzrə 3 hektardan az ərazi üzrə bəyan vermiş fermerlərin torpaq analizi isə könüllü müraciət əsasında aparılır.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyinin fermerlərə müraciətində bildirilir.

Qeyd olunur ki, aqrokimyəvi analizlərin aparılması fermer üçün çoxsaylı üstünlüklər təmin edir. Belə ki, torpaqda hansı qida elementinin (azot, fosfor və kalium) çatışmadığını və hansının normadan artıq olduğunu müəyyənləşdirməyə kömək edərək, lazımsız gübrə tətbiqinin qarşısını alaraq fermerin gübrə xərclərinə qənaət edir. Ehtiyaca uyğun gübrə normaları seçilərsə, məhsuldarlıq əhəmiyyətli dərəcədə artır. Analiz nəticəsində torpağın pH səviyyəsi və duzluluq kimi göstəriciləri təyin olunur ki, bu da torpaqların münbitliyinin artıb-azalmasına nəzarət etməyə imkan verir.

Torpağın aqrokimyəvi analizi üçün nümunələrin götürülməsi qaydaları aşağıdakı kimidir:

- Bir torpaq sənədi üzrə 3 hektar və daha çox torpaq ərazisi üzrə bəyan etmiş fermerlər subsidiya almaq üçün torpaq analizi verməlidir;

- Toxum subsidiyası almaq üçün müraciət edən fermerlər bəyan etdikləri ümumi toxumluq əkin sahəsi üzrə hər 2 hektar ərazidən 1 nümunə götürərək analiz verməlidir;

- Bəyan edilmiş ümumi əkin sahəsi üzrə hər 5 hektar ərazidən 1 nümunə (çoxillik əkmələrdə 0-30 sm və 30-60 sm dərinliklərdə olmaqla 2 nümunə) götürülməlidir;

- Çoxillik bitkilərdən yonca, zəfəran, yerfıstığı, razyana, çiyələk, lavanda, xaşa və biyan üzrə torpaq nümunəsi birillik bitkilərdə olduğu kimi 0-30 sm dərinlikdə götürülməlidir;

- Nümunələr məhsul yığımından sonra, növbəti əkinə qədər olan dövrdə götürülməlidir;

- Bir torpaq sənədi üzrə bəyan edilmiş torpaq sahəsi 1000 hektar və yuxarı olduqda hər 10 hektar ərazidən 1 nümunə (çoxillik əkmələrdə 2 nümunə) götürülməlidir;

- Torpaq sahəsinin sahibi dəyişdikdə, yeni istifadəçi növbəti bəyan mövsümündə yenidən analiz üçün müraciət etməlidir;

- Bitkiçilik sahəsi üzrə subsidiya almaq üçün müraciət edən fermerin bəyan etdiyi torpaq sahəsi üzrə təqdim etdiyi aqrokimyəvi analizin nəticələri analizin aparıldığı əkin ilindən etibarən 2 əkin ili (sentyabr - avqust) qüvvədə qalır.

"Cebheinfo.az"