Azərbaycanın yeyinti məhsulları üzrə ixracı 14 %-dən çox artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 11.6% artaraq 1,4 milyard ABŞ dolları təşkil edib.
Bu dövrdə yeyinti məhsullarının ixracı 14,4% artaraq 417.7 milyon ABŞ dollarına bərabər olub.
“APA-Economics” xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin açıqladığı “İxrac İcmalı”nın iyun sayında bildirilir.
Məlumata görə, 2025-ci ilin yanvar-may aylarında ixrac olunan kimya sənayesi məhsulları ötən ilin müvafiq dövrünə nəzərən 46,8 milyon ABŞ dolları və ya 45,9%, şəkər 3 milyon ABŞ dolları və ya 30,1%, pambıq iplik 1,3 milyon ABŞ dolları və ya 14,5%, meyvə-tərəvəz 48 milyon ABŞ dolları və ya 19,1%, qara metallar və onlardan hazırlanan məmulatlar 3,8 milyon ABŞ dolları və ya 11,3% artıb.
Hesabat dövründə aqrar məhsullar üzrə ixrac 17.2% artaraq 331,2 milyon ABŞ dolları, aqrar-sənaye məhsulları üzrə ixrac isə 5,9% artaraq 115.6 milyon ABŞ dollarına bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 14% artaraq 446,7 milyon ABŞ dolları təşkil edib.
Qeyd olunan dövrdə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında qızıl (121,3 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pomidor (tomat) (113.8 milyon ABŞ dolları) ikinci, pambıq (88,8 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
2025-ci ilin may ayında isə ixrac edilmiş qeyri-neft sektoruna aid malların siyahısında pomidor (tomat) (39,1 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda pambıq (27.2 milyon ABŞ dolları) ikinci, qızıl (25,9 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.
Cari ilin ilk beş ayında Rusiya Federasiyasına 442,3 milyon ABŞ dolları, Türkiyəyə 251,4 milyon ABŞ dolları, İsveçrəyə 127,9 milyon ABŞ dolları, Gürcüstana 125,5 milyon ABŞ dolları, Ukraynaya isə 76.5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
2025-ci ilin may ayında Rusiya Federasiyasına 121,5 milyon ABŞ dolları, Türkiyəyə 63,7 milyon ABŞ dolları, İsveçrəyə 27,4 milyon ABŞ dolları, Gürcüstana 19.7 milyon ABŞ dolları, Ukraynaya 13,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac edilib.
"Cebheinfo.az"