Sel fəlakətində ölənlərin sayı 78-ə çatdı

Sel fəlakətində ölənlərin sayı 78-ə çatdı

Hindistanın Himaçal Pradeş ştatında yağan güclü yağışların səbəb olduğu torpaq sürüşmələri nəticəsində həyatını itirənlərin sayı 78-ə yüksəlib.

"Cebheinfo.az" xəbər verir ki, Yeni Dehlidə yerləşən “NDTV” xəbər agentliyinə əsasən, ölkənin şimalındakı Himaçal Pradeş bölgəsi 20 iyun tarixindən bəri musson yağışlarının təsiri altındadır.

Ştatda baş verən daşqın və torpaq sürüşmələri nəticəsində ölənlərin sayı 78-ə, yaralıların sayı isə 121-ə çatıb.

Ümumilikdə 243 yol bağlanıb və əyalətin müxtəlif bölgələrində 37 nəfərin axtarışı üçün xilasetmə işləri davam etdirilir.

Hindistan Meteorologiya Departamenti (IMD) Himaçal Pradeş üçün yaydığı xəbərdarlıqda, güclü yağışların 9 iyul tarixinə qədər davam edəcəyinin gözlənildiyini bildirib.

Qeyd edək ki, Cənubi Asiyada iyun–sentyabr aylarında təsirli olan musson yağışları hər il, xüsusilə Hindistanda, böyük miqyaslı təbii fəlakətlərə və qəzalara səbəb olur.

Nigar Hacılı 
"Cebheinfo.az"