Yayda siqaret çəkmək niyə daha zərərlidir?

Bir qayda olaraq siqaretlər quru, rütubətlili məkandan uzaqda saxlanmalıdır.
Siqaretlər rütubətlili otaqda saxlanıldıqda nəmlənir və keyfiyyətini itirir. Buna görə də siqaretlərin saxlanması üçün bütün tələbləri yerinə yetirmək vacibdir.
Ancaq bu qaydalara əməl edilməməsi siqaret çəkən zaman yaranan kəskin qoxu hamını narahat edir. Xüsusilə yay aylarında temperatur və rütubətin artması bu prosesi daha da sürətləndirir.
Hazırda siqaretin saxlanması üçün müəyyən standartlar mövcuddur. Bəs Azərbaycanda bu standartlara necə əməl olunur? Yay aylarında siqaretin sağlamlığa daha az zərər vurması və keyfiyyətinin qorunması üçün hansı qaydalara əməl olunmalıdır? Siqaretin daşınması və saxlanmasında hansı texniki standartlar mövcuddur?
Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında “Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov bildirib ki, tütün birmənalı şəkildə bütün dünya tərəfindən insana zərərli hesab edilən bir məhsuldur və dünyanın heç bir ölkəsi bu zərəri inkar etmir.
Onun sözlərinə görə, siqaretin bütün növləri təhlükəlidir, o cümlədən "layt", mentollu, filtirli və filtirsiz, nazik siqaretlər:
“Azərbaycanda 2001-ci ildə "Tütün və tütün məmulatları haqqında" Qanun qəbul olunub. Sonrakı dövrlərdə bu qanuna dəfələrlə dəyişikliklər edilib. Birliyin sədri kimi, həmin vaxt Milli Məclisdə təkliflə çıxış etdim. Bildirdim ki, tütün məmulatlarının üzərində buraxılma tarixi və son istifadə müddəti göstərilməlidir.
Lakin o dövrdə çox böyük çətinliklə də olsa, siqaretlərin üzərində buraxılma tarixinin göstərilməsinə nail olduq. Hazırda tütün məmulatlarının saxlanılma müddəti isə müəyyən şəraitə uyğun olaraq bir ildən artıq olmamalıdır.
İctimai birlik olaraq həmin illərdə 4 filtirsiz siqaret istehsal edən və daha təhlükəli məhsullar hazırlayan fabrikin bağlanmasına nail olduq. Artıq Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatının “Tütün əleyhinə Çərçivə Konvensiyası”na da qoşulub. Həmin konvensiyada da müəyyən şərtlər əks olunub. Təəssüf ki, qanunlar tam işlək vəziyyətdə deyil.
Qanuna əsasən, Azərbaycanda siqaretin tək-tək satışı qadağandır, lakin bu, geniş şəkildə davam edir. Tibb və təhsil müəssisələrinin yaxınlığında satış da qanunla qadağan olunub, amma buna da əməl olunmur”.
Sədr qeyd edib ki, Azərbaycanda tütünə aludəçilik artır:
“Hansı ölkəyə gedirəmsə, tütünlə bağlı vəziyyəti izləyirəm. Məsələn, Filippində tütün məhsulları mağazalarda deyil, kiçik, qapalı yerlərdə satılır. Onların çəkilməsi də yalnız xüsusi ayrılmış məkanlarda mümkündür.
Avropa ölkələrində bu sahədə vəziyyət nisbətən yaxşıdır. Taylandda isə heç kim siqareti yerə atmır, bunun üçün xüsusi yerlər ayrılıb. Türkiyədə vəziyyət acınacaqlıdır. Xüsusilə qadınların tütündən istifadəsi yüksələn xətt üzrə gedir. Azərbaycanda da qadınlar və uşaqlar arasında tütünə aludəçilik artmaqdadır”.
Eyyub Hüseynov qeyd edib ki, bu gün istehsalçılar tütünü "sonsuz mal"a çevirmək istəyirlər:
“Bütün bunlar azmış kimi, indi qəlyanlar, "glo pro", guya tütünü tərgitmək üçün nəzərdə tutulan alternativ vasitələr, elektron siqaretlər sürətlə yayılır. Əlbəttə, tütün məmulatlarının da istehsalı, saxlanması ilə bağlı müvafiq standartlar mövcuddur.
Hazırda tütün məhsulları insanları xəstəliyə aparan ciddi təhlükə mənbəyidir. Onların sağlamlıq üçün uyğun olmayan şəraitdə saxlanılması əlavə risklər yaradır. Yay aylarında siqaret çəkmək daha təhlükəlidir, çünki tütün yanarkən 4000-ə yaxın kimyəvi birləşmə əmələ gəlir.
Bundan əlavə, Azərbaycanda qaçaqmal tütün məhsullarının həcmi də böyükdür. Beynəlxalq təşkilatların 2017-ci ildə apardığı araşdırmaya görə, həmin dövrdə Azərbaycan dövləti qaçaq siqaretlərdən 20 milyon dollar büdcə itkisinə məruz qalıb. Çünki bu məhsullara aksiz və gömrük vergisi tətbiq edilmir. Bir sözlə, insanlar bundan uzaq olmalı və ölkədə tütün istehlakı mümkün qədər azaldılmalıdır”.
Əfsanə Rəcəb
“Cebheinfo.az”