Prokuror gömrükçülərlə bağlı hökmə etiraz etdi

Prokuror gömrükçülərlə bağlı hökmə etiraz etdi

Qaçaqmalçılıqda təqsirləndirilən Dövlət Gömrük Komitəsinin sabiq vəzifəli şəxsləri barəsində çıxarılan hökmdən apellyasiya protesti verilib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ötən il iyulun 8-də DGK-nın əməkdaşları Pərvin Dursunəliyev, Mənsur Mehdiyev və onların tanışı Əli İbrahimovun tamah niyyəti ilə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərindən Heydər Əliyev Beynəlxalq Hava Limanına təxminən 1,4 kq çəkidə, 190 min 400 manat dəyərində, 999,9 əyarlı, 5 ədəd qızıl külçəni qaçaqmalçılıq yolu ilə ölkəyə gətirmələri faktı üzrə cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində yekunlaşdırılıb.

Məhkəmənin hökmü ilə onların hər biri 5 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də, Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunaraq cəza 2 il sınaq müddəti ilə şərti hesab edilib.

Həmin hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilib.

Məlumatı Baş Prokurorluğun Mətbuat xidmətindən saytımıza təsdiq ediblər.

"Cebheinfo.az"