Üç nəfərin ölümünə səbəb olan sürücüyə hökm oxundu

Gəncə Ağır Cinayətlər Məhkəməsində üç nəfərin ölümünə səbəb olan yol-nəqliyyat hadisəsini törətməkdə təqsirləndirilən Eynur Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
"Cebheinfo.az" xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə E.Babayev 4 il nəqliyyat vasitəsini idarə etməkdən məhrum olunmaqla 7 il azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə Göygöl rayonu ərazisində baş verib.
Şəmkir rayon sakini Eynur Babayev idarə etdiyi "Renault Megane" minik markalı avtomobillə həmkəndliləri 1991-ci il təvəllüdlü Əvəz Əliyev, 1968-ci il təvəllüdlü Yeganə Qasımova və 1967-ci il təvəllüdlü Aidə Verdiyevanı əsgər yanına aparıb. Oradan Qazax rayonu istiqamətində hərəkət edərkən sükan arxasında telefonla danışıb, siqaret yandırıb. Bu vaxt diqqəti yoldan yayınan sürücü idarəetməni itirərək nəqliyyat vasitəsini yolda "KamAZ" markalı avtomobilə çırpıb.
Hadisə nəticəsində 1967-ci il təvəllüdlü Aidə Verdiyeva hadisə yerində, 1991-ci il təvəllüdlü Əvəz Əliyev və 1968-ci il təvəllüdlü Yeganə Qasımova isə xəstəxanada dünyasını dəyişiblər.
"Cebheinfo.az"