Dayanacaqda, küçədə, bankomat qarşısında siqaret çəkmək olar? - Cərimə neçədir?

Dayanacaqda, küçədə, bankomat qarşısında siqaret çəkmək olar? - Cərimə neçədir?

Son günlər sosial şəbəkə istifadəçiləri şəhərdə siqaret çəkmə qaydaları ilə bağlı müzakirələr edirlər. 

Vətəndaşlar açıq və ya qapalı dayanacaqlarda siqaret çəkməyin qanuni olub-olmadığını sorğulayırlar. Belə ki, vətəndaşlar tez-tez “Dayanacaqda siqaret çəkmək olar?”, “Qapalı və ya açıq ərazilərdə siqaret çəkmək qanunla necə tənzimlənir?”, “Siqaret çəkdiyimə görə polis məni cərimələyə bilərmi?” kimi suallar verir və şikayətlərini ünvanlayırlar. 

Bəs qanun nə deyir? Ümumiyyətlə, Azərbaycanda harada siqaret çəkmək olar, harada olmaz?

"Cebheinfo.az" bununla bağlı araşdırmasını təqdim edir.

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun 10-cu maddəsində tütün çəkilməsinə icazə verilməyən yerlər müəyyən edilib. 

Belə ki, insanların sıx toplaşdığı yerlərdə, bankomat önündə siqaret çəkmək qanuna görə qadağandır. 

Siqareti qadağan olunmuş ərazidə çəkmək inzibati xəta sayılır. 

Qadağa olan yerdə siqaret çəkmək üçün cərimənin məbləği 30 AZN-dir. 

Nəqliyyat növündən asılı olaraq, avtobus/taksi (40–50 AZN), qatar və gəmi (təxminən 40 AZN), təyyarə isə 500 AZN-dir.

İnzibati Xətalar Məcəlləsindəki dəyişikliyə görə, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği 300 manat olaraq müəyyən edilib. 

Eyni zamanda, nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə 700 manat məbləğində cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur.

Həmin normaya əsasən, Azərbaycan Respublikasında tütündən istifadənin məhdudlaşdırılması və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirinin azaldılması məqsədi ilə təhsil, səhiyyə, mədəniyyət, idman müəssisələrinin ərazisində və yaxınlığında, ictimai nəqliyyatda (avtobus, metro, taksi və s.), dəmir yolu vağzalları, hava limanları və avtovağzallarda, ticarət obyektlərinin içində, kafe və restoranların qapalı sahələrində, dövlət orqanlarında, parklar və dayanacaqlarda (xüsusi siqaret zonası ayrılmayıbsa), uşaq meydançalarının yaxınlığında (əgər dayanacaqda xüsusi siqaret zonasını göstərən lövhə və ya yer yoxdursa), orada siqaret çəkmək qanunla qadağandır.

Siqaret çəkməyə icazə verilən yerlər əsasən aşağıdakılardır:

Açıq hava məkanları (əgər həmin ərazi qadağan olunmuş zona deyilsə – məsələn, uşaq meydançası, avtobus dayanacağı və s. yaxınlığında deyilsə);

Şəxsi ev və digər şəxsi mülkiyyət sahələri;

Kafe və restoranların açıq terrasları (əgər siqaret çəkməyə icazə verilmiş xüsusi zona kimi müəyyən edilibsə);

Siqaret çəkmək üçün xüsusi ayrılmış və nişanlanmış yerlər.

Bundan başqa, mehmanxanalarda siqaret çəkənlər üçün xüsusi yerlər ayrılmalıdır. 

Həmçinin, müəssisə, idarə, təşkilat rəhbərləri və digər işəgötürənlər iş yerlərində siqaret çəkmək üçün xüsusi yerlər ayrılmasını və görünən yerlərdə "siqaret çəkmək qadağandır" xəbərdarlıq yazısının və ya işarəsinin olmasını təmin etməlidirlər.

Əfsanə Rəcəb
"Cebheinfo.az"