Körpəsinin yanında əri öldürülən qadın sığınacaqdan aparıldı: “Hamilədir...”

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonunda ailə faciəsi ilə nəticələnən qətl hadisəsi baş verib.
Qardaşlar arasında yaranan mübahisə nəticəsində 1996-cı il təvəllüdlü A. N. öz evində qətlə yetirilib. Hadisə zamanı onun bir yaşlı qızı da evdə olub. Mərhumun həyat yoldaşı və azyaşlı körpəsi “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın dəstəyi ilə sığınacağa yerləşdirilib.
Bəs, hazırda ana və uşağın psixoloji vəziyyəti necədir?
Məsələ ilə bağlı "Cebheinfo.az"-a açıqlamasında “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, qadının vəziyyəti olduqca gərgin idi, amma yenə də qohumları onları sığınacaqdan aparmağa israr ediblər:
“Qadın və uşağı bizim yanımızdan qohumları aparıb. Onların vəziyyəti olduqca gərgin idi. Biz psixoloji yardım təklif etdik. Düzdü, bu yardımı alacaqlarına söz verdilər, çünki qadın çox ağır şok vəziyyətində idi. Üstəlik, hamilədir. Dedik ki, psixoloji yardım mütləq davam etdirilməlidir. Çünki yaxın günlərdə yeni uşaq doğulacaq və uşaqların gələcəyi üçün də həm sosial, həm də psixoloji dəstək vacibdir”.
M.Zeynalova bildirib ki, adətən, bəzi qohumlar bu məsələlərə ciddi yanaşmırlar, bu kimi məsələlər onlar üçün önəmli olmur:
“Onlar nə ananın psixoloji sağlamlığını, nə də doğulacaq körpənin bu travmadan necə təsirlənəcəyini düşünürlər.
Halbuki belə hallarda psixoloji travmalar ciddi fəsadlar verə bilər və bu, doğulan uşağın da sağlamlığına təsir göstərə bilər. Əksər hallarda qohumlar bunları düşünmürlər. "Bizim qohum niyə sığınacaqda olsun?",- deyə fikirlərşirlər. Təəssüf ki, belə bir yanaşma var və bunu biz gördük”.
Mehriban Zeynalova qohumların bu məsələdə məsuliyyətli davranacağına şübhə ilə yanaşdığını bildirib:
“Təklif etdik ki, sığınacaqda qalsınlar psixoloji yardımı davam etdirək, hüquqi baxımdan da kömək edək. Amma qohumlar israr etdilər ki, hər şeyi özləri edəcək. Bu yardımların tamamilə pulsuz olduğunu da diqqətə çatdırdıq, amma yenə də razılaşmadılar, özləri aparmaq istədilər.
İndi doğulacaq uşağın sağlamlığına nəzarət olunmalı, tibbi baxışdan keçməlidir. Bildirdilər ki, bütün bu məsələləri özləri həll edəcəklər. Amma açığı, mən inanmıram ki, real dəstək göstərilsin. Söz verdilər, amma yenə də tərəddüd edirəm”.
Qeyd edək ki, qardaş qardaşı körpəsi ilə yatdığı yerdə öldürüb və daha sonra körpəni anasına verərək üstünə bulaşan qanın yuyulmasını tapşırıb.
Əfsanə Rəcəb
“Cebheinfo.az”