Azərbaycanda krediti 5 faizlə də vermək olar: İKİ YOL

Azərbaycanda krediti 5 faizlə də vermək olar: İKİ YOL

2025-ci il iyun ayının 1-nə Azərbaycanda milli valyutada yeni verilmiş kreditlər üzrə orta illik faiz dərəcəsi 18,90% təşkil edib.

Bununla bağlı  Azərbaycan Mərkəzi Bankı məlumat yayıb. Bildirilib ki, manatla yeni verilmiş kreditlərin orta faiz dərəcəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3.79 faiz bəndi artıb.

Eyni zamanda, cari ilin iyun ayının 1-nə ölkədə xarici valyuta ilə yeni verilmiş kreditlər üzrə orta faiz dərəcəsi 6,59% təşkil edib ki, ötən ilin eyni dövrü ilə müqayisədə isə 0.84 faiz bəndi çoxdur.

Qeyd edək ki, cari ilin iyun ayının 1-nə Azərbaycanda bankların kredit portfelinin həcmi 28 milyard 386.5 milyon manata bərabər olub. Kredit portfelinin 15 milyard 100 milyon manatı biznes kreditləri, 8 milyard 881.9 milyon manatı istehlak kreditləri, 4 milyard 404.6 milyon manatı isə ipoteka kreditləri təşkil edib. 

Kredit faizləri niyə artıb? Faiz artımının arxasında dayanan əsas səbəblər hansılardır? 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, ölkədə kreditə tələbat artsa da, kredit portfelinin həcmi genişlənməyib. 

Onun sözlərinə görə, əsas məsələ ondan ibarətdir ki, kreditə tələbat, maraq var, lakin kredit vermək üçün resurslar fərqlidir: 

“Keçən ilin payızında Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov mətbuat konfransında çıxış edərək banklara çağırış etdi ki, kiçik portfellər və yüksək faizlərdən böyük portfellər və aşağı faizlərə keçmək lazımdır. Lakin bu çağırışın arxasınca  heç bir real addım atılmadı.

İqtisadi münasibətlərdə sadəcə bəyanatlar kifayət etmir. Bu gün baş verənlər 7-8 ay əvvəl Mərkəzi Bank sədrinin verdiyi çağırışların tam əksidir. Bu da onunla bağlıdır ki, Azərbaycan hökuməti kommersiya banklarına donorluq eləmir. Halbuki buna kifayət qədər imkanlar mövcuddur. Hazırda ölkənin 70 milyard dollara yaxın aktivləri var. Hökumət bu aktivlər hesabına kommersiya banklarına uzunmüddətli və aşağı faizlə kreditlər təqdim edə bilər ki, kredit bazarında əmanətlərdən formalaşan kreditlərin xüsusi çəkisi azalsın”. 

Akif Nəsirli qeyd edib ki, hazırda ölkədə verilən kreditlərin 60%-dən çoxu məhz əmanətlərdən formalaşan vəsaitlər hesabınadır. Belə vəsaitlərdən verilən kreditləri isə ucuzlaşdırmaq mümkün deyil:

“Sadə hesabla götürsək, əmanətə cəlbetmə faizi təxminən 9-10%-dir. Üstünə bankın 2-3% xərcləri və Mərkəzi Bankın təyin etdiyi 1,5-3% əlavə olunur. Bu, ümumilikdə 14-15%-ə qədər qalxır. Bu məbləğin üzərinə bankın mənfəəti üçün əlavə 5% -i də gəldikdə, faizlər daha da yüksəlir. Yəni bunun 5%-i də özünün mənfəəti olmalıdırmı? 

Ona görə də bu gün kreditlərin bahalaşması fonunda kommersiya banklarını günahlandırmaq bir qədər məntiqsizdir. Əgər Mərkəzi Bank rəhbərliyi doğrudan da kredit faizlərinin ucuzlaşmasını istəyirsə, ilk növbədə verilən kreditlərdə götürdüyü faizi ləğv etməli və ya minimum həddə endirməlidir. İnkişaf etmiş ölkələrdə bu göstərici 1%-in altındadır, lakin Azərbaycanda 3%-ə qədərdir.

Yəni burada iki əsas çıxış yolu var. Birincisi, Mərkəzi Bankın faizinin azaldılması və ya aradan qaldırılması, ikincisi isə hökumətin kommersiya banklarına ucuz kreditlərlə dəstək göstərməsi, yəni kommersiya banklarına donorluq etməsi. 

Əgər Azərbaycan hökuməti bu iki addımı atsa, ölkədə kredit faizlərini 5-6%-ə qədər endirmək mümkündür”.

Əfsanə Rəcəb
“Cebheinfo.az”