Azərbaycanla Sloveniya "yaşıl enerji" əməkdaşlığını müzakirə edib

Azərbaycan Sloveniya ilə “yaşıl enerji”nin təchizatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə edib.
"Cebheinfo.az" xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bildirib.
“Sloveniyanın ətraf mühit, iqlim və energetika naziri Bojan Kumerin dəvəti ilə bu ölkəyə işgüzar səfər çərçivəsində enerji sahəsində ikitərəfli əlaqələrin, eləcə də Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının inkişafı kontekstində yeni əməkdaşlıq imkanlarının dəyərləndirilməsi və enerji təhlükəsizliyinin gücləndirilməsi məsələləri üzrə səmərəli görüş keçirdik. Ötən il Sloveniyanın ümumi qaz istehlakının təxminən 5 %-ni təşkil edən Azərbaycan qazının tədarükünün artırılması və “yaşıl enerji”nin təchizatı sahəsində əməkdaşlıq perspektivlərini müzakirə etdik",-deyə o qeyd edib.
Onun sözlərinə görə, Lyublyana şəhərində Bojan Kumerin müşayiəti, “Geoplin” şirkətinin icraçı direktoru Simon Urbancl, “Petrol Group” şirkətinin İdarə Heyətinin prezidenti Sašo Berger, “Plinovodi” şirkətinin icraçı direktoru Marjan Eberlinc və “HSE” şirkətinin icraçı direktoru Tomaž Štokeljinin iştirakı ilə enerji sektorunun müxtəlif istiqamətləri üzrə əməkdaşlığın inkişafına dair səmərəli müzakirələr aparılıb: "Sloveniyanın aparıcı enerji şirkətlərini Azərbaycanın neft-qaz sektorunda geniş əməkdaşlığa, eləcə də yaşıl enerji layihələrində həm investor, həm də alıcı qismində iştiraka dəvət etdik”.
"Cebheinfo.az"