Yeni müharibəyə hazırlıq gedir: Minlərlə raket və PUA...

Yeni müharibəyə hazırlıq gedir: Minlərlə raket və PUA...

İsraillə İran arasında atəşkəsi əldə edilməsinə baxmayaraq, hər iki tərəf yeni hərbi münaqişəyə ciddi hazırlaşır.

Xüsusilə İran tərəfi silahlanmaya daha ciddi diqqət yetirir.

“Cebheinfo.az” xəbər verir ki,  mətbutda yayılan xəbərləri İran İslam İnqilabının rəhbəri Ayətullah Seyid Əli Xameneyinin baş hərbi müşaviri general-mayor Yəhya Rəhim-Səfəvi də təsdiqləyib.

O bildirib ki, İran hər hansı bir təcavüz halında istifadə oluna biləcək təhlükəsiz yerlərdə bir neçə min raket və pilotsuz uçan aparat yerləşdirib.

Rəhim-Səfəvi 12 günlük hərbi eskalasiyadan sonra əvvəlcədən elan edilmiş atəşkəsə baxmayaraq, İsrailin mümkün yeni hücumu ilə bağlı xəbərlər fonunda ölkənin silahlı qüvvələrinin istənilən ssenariyə tam hazır olduğunu vurğulayıb.

“Biz bir neçə min raket və pilotsuz təyyarə istehsal etmişik və onların yerləşdiyi yerlər etibarlı şəkildə qorunur”, - o deyib. 

Onun sözlərinə görə, dinc nüvə enerjisi və raket istehsalı İranın milli elmi, zəka və biliyinin nəticəsidir: “Onları məhv etmək olmaz”.

Onun sözlərinə görə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri və Qüds Qüvvələri kimi əsas hərbi strukturlar İsrailin son təcavüzünün dəf edilməsində tam iştirakçı olmayıb. Ordu da potensialından tam istifadə etməyib.

"Netanyahu məqsədlərinə çatmadı - İslam Respublikası devrilmədi və parçalanmadı. Biz itkilər verdik, lakin onlara ciddi ziyan vurduq", - Rəhim-Səfəvi vurğulayıb.

Müşavirin sözlərinə görə, İsrail mediaya sərt senzura tətbiq etməklə ona vurduğu zərbələrin ciddiliyini gizlədir. Rəhim-Səfəvi vurğulayıb ki, İsrail tarixində belə bir şey olmayıb: işğal olunmuş ərazilərə hər biri onlarla döyüş başlığı olan yüzlərlə raket atılıb.

Rəhim-Səfəvi əlavə edib ki, Qəzzada Fələstin müqavimətini məhv etmək məqsədi daşıyan 21 aylıq müharibəyə baxmayaraq, HƏMAS hərəkatı fəaliyyətini davam etdirir, İsrail ordusu isə “tükənib”.

“Tarixdə heç bir işğalçı qüvvə ələ keçirdiyi əraziləri əbədi olaraq saxlaya bilməyib”, - o vurğulayıb.

İran tərəfinin etiraf etməməsinə baxmayaraq, 12 günlük müharibə zamanı 935 qurbanın şəxsiyyəti müəyyən edilib, onlardan 38-i uşaq və 102-si qadındır.

Təkcə Evin Həbsxanasına hücum nəticəsində əksəriyyəti məhbusların ailə üzvləri, yardım işçiləri və Evin Həbsxanasının əməkdaşları olmaqla 79 nəfər həlak olub.

 İranın yeddi əyalətində yerləşən doqquz sənaye şəhəri İsraillə 12 günlük müharibə zamanı ciddi zərər görüb.

Məlumata görə, bu dövrdə 15 sənaye obyekti 40-60 % zərər çəkib.

İranın 30-dək generalının öldürüldüyü bildirilir.

Xəzər
“Cebheinfo.az”