Qarabağa getmək ASANLAŞDIRILDI

Fərdi minik avtomobilləri ilə işğaldan azad edilmiş müvafiq rayonlara səfərlər üçün “Yolumuz Qarabağa” portalından əldə olunan icazənin müddəti 5 günədək artırılıb.
"Cebheinfo.az" xəbər verir ki, fərdi minik avtomobillərində səfər üçün 1 sürücü olmaqla maksimum 9 nəfər üçün icazə alına bilər.
Fərdi minik avtomobilləri dedikdə, Azərbaycan vətəndaşlarına məxsus nəqliyyat vasitəsinin qeydiyyat nişanına malik, B kateqoriyasına uyğun nəqliyyat vasitələri nəzərdə tutulur.
Fərdi minik avtomobillərini idarə edən şəxslər “Yolumuz Qarabağa” portalı üzərindən səfərlə bağlı qaydalar, mina təhlükəsizliyi barədə maarifləndirici məlumatlarla tanış olmalı, həmçinin bu barədə səfər edən şəxsləri məlumatlandırmalı, müvafiq yoxlanışdan keçdikdən sonra işğaldan azad edilmiş ərazilərə daxil olduqda, mina təhlükəsizliyinə əməl etmək üçün marşrutdan kənara çıxmamalı, yolayrıcılarında diqqətli olmalı və səfər marşrutu boyunca qaydalara əməl etməlidirlər.
Vətəndaşlar, həmçinin “Yolumuz Qarabağa” portalı vasitəsilə səfər etdikləri istiqamətlərdə fəaliyyət göstərən hotel və digər yerləşmə məntəqələri barədə məlumat əldə edə bilərlər.
Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hotellərdə rezervasiya edən vətəndaşlar əraziyə giriş icazəsi əldə etmiş olacaqlar.
"Cebheinfo.az"