Pezeşkian Azərbaycanın düşmənlərinin qarşısında durdu

Pezeşkian Azərbaycanın düşmənlərinin qarşısında durdu

İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın hava məkanından İsrailin İrana qarşı hərbi məqsədlərlə istifadə etməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib. 

“Cebheinfo.az” xəbər verir ki, İranın “Donyaye-İqtisad” nəşri bu barədə  məlumat yayıb.

Pezeşkian sözügedən iddiaların İranın rəsmi orqanları tərəfindən təsdiq olunmadığını vurğulayıb:

“Bəzi şayiələrin əksinə olaraq, qonşularla “sionist rejim” arasında hərbi əməkdaşlıq əlaməti ölkənin təhlükəsizlik orqanları tərəfindən təsdiqini tapmayıb”.

Prezident Pezeşkian əlavə edib ki, əksinə, bəzi ölkələr İrana yardım etməyə hazır olduqlarını bildiriblər. 

Qeydək ki, Pezeşkianın açıqlaması 12 günlük müharibə zamanı İsrailin guya Azərbaycan ərazisindən İrana qarşı istifadə etməsi ilə bağlı iddiaların rəsmi Tehran tərəfindən ən yüksək səviyyədə təkzib edilməsi olub.

İran Xarici İşlər Nazirliyinin müxtəlif vəzifəli diplomatları sonradan mühafizəkar dairələrin Azərbaycana qarşı iddialarını yalanlayan açıqlamalar versələr də Prezidentin açıqlaması bu məsələyə nöqtə qoyub.

Hökumət başçısı İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyidən sonra ikinci səlahiyyət sahibidir. Prezident ölkənin təhlükəsizlik və müdafiə sahələrində ən məxfi sirlərinə çıxış imkanı olan çox az şəxslərdən biridir.

Ona görə də onun Azərbaycan ərazisindən İsrailin istifadə ilə bağlı təxribatçı açıqlamaları təkzib etməsi İran cəmiyyətində bu dezinformasiyanın qarşısını almaqla yanaşı, həm də bir əminlik yarada bilər.

Əslində, 12 günlük müharibə Azərbaycan-İran münasibətləri üçün də bir sınaq kimi qiymətləndirilə bilər. Yəni rəsmi Tehranın iddialarından asılı olmayaraq, Azərbaycan uzun illər öz ərazisindən üçüncü dövlətin İrana qarşı hücum üçün istifadəsinə icazə verməyəcəyinə dair vədinə əməl etdi.

Lakin İranda panfarsist molla rejiminin bir sıra təmsilçiləri və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan şəxslər Azərbaycana siyasi böhtan atmaqla xaricdə düşmən obrazı yaratmağa çalışırdılar. Məqsəd isə 12 günlük müharibədə İran rejiminin uğradığı məğlubiyyəti başqalarının üzərinə atmaq məqsədi daşıyır.

Lakin Prezident Pezeşkianın İqtisadi Əməkdaşlıq Təşkilatının Xankəndidə keçirilən sammitində iştirakından sonra qeyd edilən açıqlama ilə çıxış etməsi İranda Azərbaycanla əməkdaşlıqda maraqlı olan islahatçı-liberal qanadın siyasi mövqeyinin gücləndiyini göstərir.

Yəni müharibə zamanı Azərbaycana qarşı düşmənçilik siyasətinin tərəfdarı olan SEPAH rəhbərliyinin sıradan çıxarılması İranın öz daxilində mühafizəkarların ölkənin xarici siyasətinə təsir imkanlarını zəiflədib. Bu isə perspektivdə Azərbaycan-İran münasibətlərinin yeni və pozitiv mərhələyə keçməsinə səbəb ola bilər. 

Müşfiq Abdulla     
“Cebheinfo.az”